“Tam razı qaldığımı deməzdim” – Qurban Qurbanov
- 22:53
- 37
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Kiyev “Dinamo”suna qarşı keçirdikləri ev oyunundan danışıb.
Rekord.az xəbər verir ki, o, 2:0 hesablı qələbəni belə şərh edib:
“Gərgin, stressli oyun oldu. Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət əldə etdik. Bu cür rəqibə qalib gəlmək vacib idi. Maraqlı oyun oldu. Bu gün daha aktiv idik, pressinqlərimiz daha yaxşı alınırdı. Rəqib topu qorumağa çalışırdı. İkinci hissədə dəyişikliklər oldu. Bu havada oyunu saxlamaq da asan deyildi.
Azarkeşlərə də təşəkkür etmək istəyirəm. Çempionlar Liqasındakı kimi abu-hava var idi.
Qalibiyyət olanda daha çox razı qalırsan. İki oyuna da yaxşı hazırlaşmışdıq. Lakin bu gün daha xarakterli, daha döyüşkən idik. Hər oyunun öz dəyəri var. Deməzdim ki, bu oyundan da tam razı qaldım. Amma qalibiyyət çox şeyi üstələyir”.