"Sumqayıt"ın məşqçisi "Sabahın ulduzları" haqda: "Bu turnir bizə imkan verir ki..."
- 15:22
- 21
"Bakı Futbol Federasiyası"nın təşkilatçılığı, AFFA-nın dəstəyi ilə keçirilən "Sabah ulduzları" futbol turnirində növbəti turun oyunları keçirilib. "Sumqayıt"ın U-14 komandası "Ulduz"lu həmyaşıdlarına 1:3 hesabı ilə uduzub.
"Sumqayıt"ın baş məşqçisi Elşad Eyvazov oyundan sonra turnirlə bağlı təəssüratlarını Rekord.az-la bölüşüb: "Bu yaşda uşaqların bu cür turnirlərdə oynaması onlar üçün böyük təkandı. Çünki bizim uşaq futbolunda ən böyük çatışmamazlıqlardan biri də uşaq turnirlərinin az olmasıdır. Bu cür turnirlər həm oyun sayını, futbolçuların oyun praktikasını artırır, həm də yeni mövsümə daha yaxşı hazırlaşmağımıza böyük kömək olur. Uşaq nə qədər çox oyun oynasa, onun inkişafı üçün bir o qədər faydası var. Bunların 14 yaşı var. Böyük futbola keçid dövrünə yaxındılar. Oyun sayı az olanda onların potensialını da tam qiymətləndirmək olmur. Bu baxımdan da bu turnirinin xeyiri var, Artıq 4-5 tur oynanılıb. Bu oyunlar bizə imkan verir ki, futbolçuların potensialını daha dəqiq görək, qiymətləndirək. Hər oyundan sonra da sırf bunun təhlilini aparırıq. Bundan başqa, hansı taktiki sxemi tətbiq ediriksə, bunu uşaqlara çatdırmaq üçün də imkanımız olur. Həm elə yaş dönəmləridir ki, həftədə iki dəfə oynamaqla fiziki hazırlıqlarını da artırırlar".