Gözlənildiyi kimi, möcüzə olmadı. Rəqibin kimliyi və gücü məlum idi. O da məlum idi ki, "Sabah"ın xal almaq şansı yoxdur. Amma əminliklə deyərdim ki, "Sabah" bugünkü oyundan çox şey qazandı. Bundan öncəki paylaşımımda bu haqda qısa qeyd etmişdim. "Barselona" kimi dünya nəhəngi ilə oynamağın özü artıq qazancdır. Rəqiblərin kimliyi məlum olanda çox adam püşkdəki bəxtsizliyi önə çəkdi. Amma mən düşünürəm ki, əksinə, "Sabah"ın bəxti gətirdi. Ki, bu cür rəqiblərlə oynamaq şansı qazandı: "Mançester Yunayted", "Borussiya" Dortmund, "Barselona", "Napoli", "Vilyarreal". Gör nə cür rəqiblərlə sanki mini bir çempionatda çıxış edirsən, birdövrəli çempionatda. Hansı ki, yay və qış hazırlıq dönəmlərində Xorvatiya, Serbiya, Macarıstan kimi ölkələrin klubları ilə qarşılaşmağı müsbət məqam hesab edirik. Amma bu gün dünya nəhəngləri ilə üz-üzə gəlirsən.


Səhv etmirəmsə 2008-09-cu illər, Bakı "İnter"nin pullu vaxtları idi. "Milan"ı Bakıya gətirmək istəyirdilər. Sadəcə, hansı formada gətirməyin yollarını müzakirə edirdilər. Amma sonra məlum oldu ki, hansı formada gətirirsən gətir, minimum milyonun çıxmalıdır. Hətta uşaq komandasını gətirsən belə. Həmin vaxt "Çempion" qəzetində "Milan"ı Bakıya pulsuz gətirməyin yolu" başlıqlı bir köşə yazmışdım ki, bunun üçün avrokuboklarda uğurlu çıxış edib qruplara düşmək lazımdır. Bunu bacarsan, qrupda "Milan" və bu səviyyəli hansısa komanda sənə rəqib olsa, havayı gələcək Bakıya, ora vəsiqə qazanıb o komandaya rəqib olmaqla onları buna məcbur edəcəksən. Təbii ki, həmin vaxt qrup mərhələləri bizə yuxu kimi gəlirdi. Baxın, bu gün "Sabah" "Borussiya" Dortmundu, "Barselona"nı pulsuz Bakıya gətirir. Hələ "Napoli" də gələcək. Bu komandalara qarşı oynamaq "Sabah" kimi yeni, gənc komandaya dünya qədər fayda verir. İnanın ki, "Barselona"ya 1:4-lük məğlubiyyətin "Sabah" üçün faydası daha çoxdur, nəinki "Slaviya" üzərindəki 2:1-lik qələbnin. Hələ mən məsələnin maddi tərəfini demirəm ki, bu cür rəqiblərlə ev oyunlarında bilet satışından da yaxşı gəlir götürmək mümkündür. Qısası, bu cür oyunlar "Sabah"ın inkişafında böyük rol oynayacaq.

Anar XANLAROV