Seçim turnirində "Neftçi" qalib oldu
- 11:00
- 38
2026-cı il oktyabrın 22-31-də Azərbaycanda keçiriləcək 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalında ölkəni təmsil edəcək milli komandanın formalaşdırılması istiqamətində təşkil olunan seçim turnirinin qalibi "Neftçi" olub.
Rekord.az xəbər verir ki, avqustun 21-23-də təşkil olunan 3 günlük turnirdə ötən mövsümü ilk 7 pillədə başa vuran klublarla yanaşı, "Turan Tovuz" və "Kəpəz" komandaları da iştirak edib.
Yekun nəticələrə əsasən, "Sabah" 2-ci, "Qarabağ" isə 3-cü pillədə qərarlaşıb. Seçimlər AFFA-nın texniki direktoru Edmond Klausun rəhbərliyi, Məşqçilər Komitəsinin üzvləri, futbol mütəxəssisləri və Futbolun İnkişafı Departamentinin əməkdaşlarının iştirakı ilə gerçəkləşib.
Növbəti mərhələdə digər klubların da seçim prosesinə cəlb olunması nəzərdə tutulur. Həmin klublar 2011-ci il təvəllüdlü futbolçular üçün avqustun 28-də, 2012-ci il təvəllüdlü futbolçular üçün isə 29-da keçiriləcək seçimlərə hər yaş qrupu üzrə milli komandada oynamaq potensialına malik 3 ən yaxşı futbolçunu təqdim edəcəklər.
Qeyd edək ki, seçim prosesinin əsas məqsədi ölkə üzrə perspektivli futbolçuları müəyyənləşdirmək və U-15 dünya çempionatı və festivalında Azərbaycanı layiqincə təmsil edəcək güclü milli komanda formalaşdırmaqdır.