İspaniyanın "Sevilya" klubu La Liqanın digər təmsilçisi "Real"ın qapıçısı Fransisko Xavyer Qonsales Peresi transfer edib.


Rekord.az Əndəlus klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı qolkiperlə imzalanan müqavilənin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub.


Boyu 1,99 metr olan futbolçu 2024/2025 mövsümündə, 19 yaşında La Liqanın XXX turunda "Santyaqo Bernabeu"da "Valensiya" ilə qarşılaşmada "Real"ın əsas komandasında ilk rəsmi oyununu keçirib. O, klubun əvəzedici komandası olan "Kastilya"nın heyətində həmin mövsümdə 19 matça çıxıb. Ötən mövsüm əsas komandaya 14 dəfə dəvət alan 21 yaşlı qapıçı "Kastilya"da ümumilikdə 28 oyunda iştirak edib.


Qeyd edək ki, Fransisko Xavyer Qonsales Peres İspaniyanın U-19 yığması ilə 2024-cü ildə Avropa çempionu olub. O, İspaniyanın U-21 yığmasında da 3 matçda forma geyinib.