Qurban Qurbanov: "Ayntraxt"la oyun bizim üçün çox vacibdir"
- 16:30
- 33
UEFA Çempionlar Liqasındakı növbəti oyun "Qarabağ" üçün çox vacibdir.
Rekord.az xəbər verir, bunu komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Bakıda Almaniyanın "Ayntraxt" (Frankfurt) komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Çox vacib oyundur. Hazırlaşmaq üçün çox vaxtımız olmadı. Sakit şəkildə matça hazırlaşmışıq. Az vaxtdan səmərəli istifadə etdik. Futbolçuları fiziki baxımdan hazırlamalı idik. Meydanda intizamlı kollektivlər görəcəyik".
O, rəqibdə baş məşqçi dəyişikliyinin planlarını poza biləcəyini söyləyib:
"Həqiqətən, əvvəlki oyunlara baxırdıq, yanvarda üç matç keçiriblər. Fərqli heyət və sistemlə meydana çıxırdılar. Oyunun gedişində müxtəlif hücumlar qururdular, hər matçda fərqli müdafiə olunurdular. Buna uyğun işimizi qururduq. Amma planlar dəyişib. Sabah meydanda çox diqqətli olmalıyıq. Əsas öz oyunumuzu intizamlı oynasaq, diqqətli olsaq, rəqibin nə etmək istədiyini bilsək, problemlə üzləşməyəcəyik. Rəqib təcrübəli komandadır".
Qurbanov hava şəraiti ilə bağlı da danışıb:
"Hər durumda intizamlı olmağa çalışacağıq. Nadir hallarda belə havalarda matçlar təxirə salınır. İnanıram ki, hava oyuna ciddi təsir etməyəcək".
Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" matçı yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.