"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasında 1-ci tur çərçivəsində "Şəfa"ya qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, 2:0 hesablı qələbə barədə bunları söyləyib:

“Oyun gərgin keçdi. Bilirdik ki, rəqib mübarizəyə köklənmiş olacaq. Avrokubok oyunlarından sonra psixoloji cəhətdən yaxşı vəziyyətdə deyildik. Qarşımızda "Zirə"ni ən yaxşı tanıyan məşqçi var idi. O, komandamızda 7 il çalışıb. Bu, hiss olunurdu. Futbolçularımı təbrik edirəm.

"Şəfa’ya qarşı oynamaq "Payde"yə qarşı oynamaqdan daha çətindir. Orada hər 5-8 dəqiqədən bir qol epizodu yaradırdıq, bu dəfə belə olmadı. Oyunda rəqibdən üstün olduğunuz zaman əks-hücumlar təhlükəli olur. Müdafiəyə də diqqət yetirmək lazımdır.

Bu, "Zirə"də mənim 7-ci ilimdir. Bu qədər qol epizodu yaradıb məğlub olduğumuz oyunu xatırlamıram. Amma “Payde” ilə matçda belə oldu. Futbolçu karyeramda da belə hallar yaşanıb. Hamımız məyus olmuşduq. Bu gün isə daha dəqiq oynadıq. Ümid edirəm, hər şey düzələcək”.