Azərbaycanın məşhur müğənnisi Nigar Camalın qızı Jasmin Keyn futbol karyerasını İngiltərədə davam etdirir. Hazırda "Luton Taun Ladies" komandasında çıxış edən gənc futbolçu liqanın ilk oyununda "Needham Market FC" ilə qarşılaşmada baxımlı qolla yadda qalıb.

Rekord.az xəbər verir ki, Jasmin Keyn komandası, mövqeyi, Azərbaycan millisində oynamaq istəyi, vurduğu qol və karyera hədəfləri barədə Oxu.az-ın suallarını cavablandırıb:

- Son oyundakı gözəl qolunuz barədə danışaq. Qol anında nə düşündünüz?

- Hazırda "Luton Taun Ladies" komandasında oynayıram. Liqanın ilk oyununda "Needham Market FC" ilə qarşılaşdıq və mən debüt oyunumda qol vurdum. Oyun boyu əsas diqqətim qələbə qazanmağa yönəlmişdi, xüsusilə də bu, mənim debüt oyunum olduğu üçün.

- Həmin qolu əvvəlcədən planlaşdırmışdınız, yoxsa ani qərar idi?

- Qol həmin anda verdiyim spontan qərarın nəticəsi idi, amma bunun uğurlu alınmasına çox şadam.

Nigar Camalın qızı Jasmin Keyn: Azərbaycan millisində oynamağa hazıram - MÜSAHİBƏ - FOTO - VİDEO

- Meydanda hansı mövqedə oynayırsınız?

- Meydanda istənilən mövqedə oynaya bilirəm, amma əsas mövqeyim cinah müdafiəçisidir.

- Öz oyun üslubunuzu necə xarakterizə edərdiniz? Hansı futbolçunu özünüzə nümunə götürürsünüz?

- Oyun üslubumu sürətli, texnikalı və çox komandayönümlü kimi xarakterizə edərdim. Özümə nümunə götürdüyüm futbolçu Son Hın Mindir.

- Azərbaycanı təmsil etmək və ya milli komandada oynamaqla bağlı düşüncələriniz varmı?

- Dəvət olunsam, hər zaman Azərbaycan millisinin formasını geyinməyə hazıram.

- Karyeranızda reallaşdırmaq istədiyiniz ən böyük hədəf nədir?

- Karyeramdakı ən böyük məqsədim dünya çempionatında oynamaq və "Luton Taun" komandasının yüksək liqaya yüksəlməsinə kömək etməkdir.

Qeyd edək ki, Jasmin Keyn uzun müddətdir peşəkar futbolla məşğul olur. O, daha əvvəl "Tottenham", "Leyton Orient", "Harvesters" klublarında da çıxış edib.