Misli Premyer Liqasında 2026/27 mövsümünün ilk turu çərçivəsində "Neftçi" "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəlib.

Rekord.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub oyundan sonra keçirilən mətbuat konfransında oyun fikirlərini bölüşüb:

“Azərbaycan Premyer Liqasının başlaması münasibətilə sizi təbrik edirəm. Səfərdə oynayırdıq. “Sumqayıt” ötən mövsüm heç də pis təsir bağışlamamışdı. Yayda komandada çoxlu dəyişikliklər olub, bir çox futbolçu gedib, yeniləri gəlib. Bu səbəbdən onların bu yay necə oynadıqları barədə çox məlumatımız yox idi. “Şamaxı” ilə keçirdikləri yoxlama oyunundan xəbərdar idik. Həmin matçda 4 müdafiəçi ilə oynamışdılar, bu dəfə isə 5 müdafiəçi ilə meydana çıxdılar. Bunu oyundan əvvəl öyrəndik.

Amma əsas məsələ bizim futbolçularımızın nə üçün oynadığımızı bilməsidir. Oyunumuz alındı, daha çox qol vura bilərdik. Sadəcə, yaratdığımız imkanlardan istifadə edə bilmədik. Bir qol da buraxdıq və belə qol buraxmamalı idik. Ümumilikdə oyundan, futbolçuların çıxışından və nəticədən razıyam. Ən önəmlisi isə mövsümə qələbə ilə başlamağımızdır.

“Sumqayıt” pis komanda deyil. Onlar hər zaman turnir cədvəlinin yuxarı pillələri uğrunda mübarizə aparırlar. Azərbaycan Premyer Liqasında bir-birinə yaxın səviyyədə olan çoxlu komandalar var. “Turan Tovuz”un “Qəbələ” ilə oyununa baxın. “Turan Tovuz”un artıq oturuşmuş heyəti var, “Qəbələ” isə yeni komanda formalaşdırıb. Buna baxmayaraq, bəzi epizodlarda fərqlənə bilərdilər.

“Şerif” rəhbərliyinin mənimlə əlaqə saxlamağına gəlincə, bunu ilk dəfə eşidirəm. Mənim “Neftçi” ilə müqaviləm var və burada hər şeydən razıyam. Tez-tez komanda dəyişən məşqçi deyiləm. Müqaviləmə uyğun olaraq işimi davam etdirirəm. Hətta böyük məbləğdə pul təklif olunsa belə, getmərəm. Mən pulun arxasınca qaçan insan deyiləm. Mənim üçün işim və müqaviləm önəmlidir. Hazırkı qazancım da məni qane edir. Ailəm, qardaşım, bacım, nəvələrim var. Gəlirim hamımız üçün kifayətdir. Bu gün qazandığım məbləğ məni qane edir. Böyük pul təklif olunsa belə, sırf buna görə komandamı dəyişmərəm”.