Bu yaxınlarda karyerasını bitirən millimizin sabiq qapıçısı Kamran Ağayev maraqlı açıqlama ilə diqqət çəkib.

Rekord.az xəbər verir ki, “CBC Sport” telekanalında qonaq olan Ağayev karyerası boyu ölkənin bir çox iddialı klubunda oynasa da, “Neftçi” və “Qarabağ”da forma geyinməməsi faktına toxunub.

Ağayev öncə “Neftçi” haqda danışıb: “Neftçi” bizim uşaqlığımızın komandası olub. Hamımız “Neftçi” topu” deyib futbola başlamışıq, uşaqlıqda futbolu ağ-qara topla oynamışıq. Bu kluba da hər zaman hörmətim olub. Amma o vaxt da demişdim ki, heç vaxt “Neftçi” formaslnı geyinməyəcəm. Təbii ki, səbəb də “Xəzər Lənkəran” amili olub”.

“Qarabağ”da forna geyinməməsinə gəlincə, Kamran buna daha maraqlı izah verib: “Qarabağ”da oynamaq şansım olub. Rəşad Sadıqovla hətta bu haqda söhbətimiz də olub çünki o da mənim “Qarabağ”da oynamağımı istədiyini demişdi. Amma məhz Rəşadla meydanda rəqib kimi üz-üzə gəlmək istəyi səbəbindən “Qarabağ”a keçmədim (gülür). Rəşad böyük futbolçudur, Azərbaycan futbolunda da sözünü deyib. Onunla meydanda rəqib kimi üz-üzə gəldiyimiz oyunlar daha maraqlı olurdu”.