Voleybolçu kişilərdən ibarət "Murov Az Terminal" klubunun baş məşqçisi postuna təyinat olub. "Rekord az" xəbər verir ki, komanda italiyalı Françesko Cadeddunun rəhbərliyi ilə çıxış edəcək.

52 yaşlı təcrübəli mütəxəssis ən azı bir il Bakı klubunu çalışdıracaq.

F.Cadeddu məşqçilik karyerasında İtaliya çempionatı, İtaliya Kuboku və Superkubok kimi nüfuzlu turnirlərdə uğurlara imza atıb. Bundan əlavə, CEV Cup və Challenge Cup yarışlarında da əhəmiyyətli nəticələr əldə edib. O, Sloveniya və Bolqarıstan milli komandalarında, həm əsas yığmada, həm də U-21 komandasında çalışıb. Onun rəhbərliyi ilə Bolqarıstanın U-21 millisi 2023-cü il dünya çempionatında bürünc, 2025-ci il dünya çempionatında isə gümüş medal qazanıb.