İtaliyalı futbolçuya 10 oyunluq cəza
- 08 Okt 2024 17:40
- 138
İtaliyanın B Seriyası təmsilçisi "Komo" klubunun hazırda "Çezena"da icarə əsasında oynayan müdafiəçisi Marko Kurto 10 oyunluq diskvalifikasiya edilib.
Rekord.az "Reuters"ə istinadən xəbər verir ki, buna futbolçunun İngiltərənin "Vulverhempton" klubu ilə yoldaşlıq görüşündə rəqib hücumçu Hi Hvanqı irqçi təhqirə məruz qoyması səbəb olub.
Hadisə iyul ayında "Komo"nun İspaniyanın Marbelya şəhərində təlim-məşq toplanışı zamanı İngiltərə təmsilçisi ilə keçirdiyi yoxlama görüşündə baş verib. Müdafiəçinin öz komanda yoldaşına rəqibi haqqında "Ona məhəl qoyma, özünü Ceki Çan hesab edir" deməsi iddia olunub.
FIFA italyan futbolçunun davranışına görə diskvalifikasiyasını təsdiqləyib.
25 yaşlı arxa xətt oyunçusu cəzasının yarısını indi çəkəcək. Qalan hissəsi üçün isə iki il sınaq müddəti təyin edilib.
Qeyd edək ki, M.Kurtonun "Çezena" klubunda icarə müddəti 2025-ci ilin yayına qədərdir.