Ötən mövsüm son anda pley-off oynamaqla II Liqadakı yerini qoruyan "Ağstafa Gəncləri" deyəsən yeni mövsümdə iddialı olacaq.

Rekord.az xəbər verir ki, öncə millimizin sabiq üzvü Cavid İmamverdiyevi heyətinə qatan Ağstafa təmsilçisi ardınca daha bir sabiq milli üzvü Nurlan Novruzovla da müqavilə bağladı. 

Transferlər diqqət çəkdiyi üçün komandanın rəhbəri Şahin Kərimovla əlaqə saxladıq. Klubun maliyyə dayaqları və hədəfləri artıbmı, yeni mövsüm "Ağstafa Gəncləri"ndən nə gözləyək? Şahin müəllim sualımızı bu cür cavablandırdı: "İndidən bu hqda proqnoz vermək çətindi. İştah yemək yedikcə gəlir. Əsas məqsəd ilk növbədə kmandanı orta yerlərdə saxlamaqdı. Ötən mövsüm olduğu kimi, axırlarda getməyək. Son transferlər o anlama gəlmir ki, bu futbolçuları gətirmişiksə, mütləq I Liqaya çıxacayıq. Hələ ona hazır deyilik.  Hələ ki, komandanın kökünü qururuq, bazasını yaradırıq. Ən əsası, maliyyə dayanıqlığını təmin etmək istəyirik. Bu məqsədlə Səbuhi İsmayılovu texniki direktor kimi təyin eləmişik, keçmiş futbolçu olub, bu sahədə aktivdi, onun sayəsində bir az  büdcəmiz artıb. Amma sponsor axtarışlarımız davam edir, ana sponsor axtarırıq.  Hazırda soynub-geyinmə otağına əl gəzdirmişdik, işıqlandırmanı düzəltmişik, otağa televizor qoymuşuq, ot örtüyünü qaydasına salmışıq, hardasa 4 min xərc çəkmişik. Çətinliklər çoxdur. Amma çalışırıq. "Turan Tovuz-2" ilə son oyunmuz da ümid verdi, baxırsan ki, komanda ötən ilki komanda deyil. Görək də. Amma əsas məqsədimiz ilk növbədə ilk "altılıq"da qərarlaşmaq olacaq".