Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban avrokubokda gümüş medal qazanıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi Rumıniyanın "CSM Lugoj" klubu "Challenge Cup"ın finalında İtaliyanın "Reale Mutua Fenera Chieri" kollektivi ilə qarşılaşıb.

Cütün ilk görüşündə uduzan voleybolçumuzun komandası cavab matçında mütləq qələbə qazanmalı idi. Lakin "CSM Lugoj" doğma meydanda keçirilən oyunda rəqibin öhdəsindən gələ bilməyib. Liza və rəfiqələri birinci qarşılaşmada olduğu kimi bu dəfə də quru hesablı məğlubiyyətlə barışmalı olublar - 0:3 (21:25, 21:25, 21:25).

Beləliklə, finalda İtaliya klubuna hər iki görüşdə məğlub olan Rumıniya təmsilçisi avrokuboku gümüş medalla başa vurub. Komandasının yarışdakı son matçında millimizin üzvü 6 dəfə fərqlənib. Ruban bu xallardan 4-nü hücumda, 2-ni isə eyslə qazanıb.