Hardan hara, və ya "Dinamo" zəfərinə sözardı
- 11:00
- 48
"Dinamo" Kiyev Azərbaycan futbolsevərləri üçün bir qədər fərqli klubdu. Xüsusilə orta və yaşlı nəsil üçün. Etiraf edək ki, bu klubun Azərbaycanda kifayət qədər azarkeşi olub. Düzdür, "Spartak"ın azarkeşləri də var idi, amma Kiyev klubuna pərəstiş edənlər daha çox idi. Xüsusilə 90-cı illərdə Lobanovskinin Şevçenkolu, Rebrovlu "Dinamo" Kiyevinə tamam başqa simpatiya var idi. Həmin vaxtlar o komanda bizlər üçün əlçatmaz gəlirdi. Avrokuboklarda bir mərhələdən o yana gedə bilməyən, ilk mərhələdə rəqiblərindən çox rahat şəkildə 5-6 top "yeyən" klublara azarkeşlik edən ölkənin azarkeşi Çempionlar Liqasında yarımfinal oynayan bir kluba başqa hansı gözlə baxa bilərdi? 35-40 yaş həddində olanlar yaxşı xatırlayar, o vaxtlar "Birlik kuboku" var idi, hər ilin yanvarında Moskvada keçirilirdi və keçmiş SSRİ-nin çempionları bir araya gəlirdi. Həmin turnirdə püşk bizim çempiona "Dinamo" və "Spartak"ı rəqib edəndə sanki "Barselona", "Bavariya", "Milan"la qarşılaşırıq. Həmişə də bizi "döyürdülər". Bir dəfə "Kəpəz" təsadüfən "Dinamo" ilə 0:0 oynamışdı, burda bayram edirdik. O da necə 0:0, Hüseyn Məhəmmədov qaçıb o dirəyi qucaqlayırdı, gəlib bu dirəyi qucaqlayırdı. Turnirin sensassiyası olmuşdu. Bu gün "Qarabağ"ın qələbəsinə baxıram, bir anlıq düşünürəm ki, hardan hara gəlmişik. Bəli, "Dinamo" o "Dinamo" deyil, tarixinin ən çətin dönəmlərini yaşayır, amma əslində "Dinamo" o "Dinamo" deyil" deyəcək duruma gəldiyimizi gördüyüm üçün sevinirəm, bunu önə çəkirəm. Bir Azərbaycan klubu bu gün vaxtı ilə bizə əlçatmaz görünən, bizim üçün əzəmətli görünən "Dinamo" Kiyevi mübarizədən kənarlaşdırır. Bu, hisslərin ifadəsi üçün sözlərin tapılmasının çətinlik çəkildiyi anlardan biridir. Mənimlə həmyaşıd olanlar və yaşda məndən böyük olanlar hansı simlərə toxunduğumu yəqin başa düşdü.
Gələk bugünkü oyuna. Baxmayaraq ki, ilk 15 dəqiqədə qol vuracağımız halda daha rahat qələbə qazanacağımızı proqnozlaşdırırdım, amma etiraf edim ki, çətin qələbə oldu. Belə deyək, bəxtimiz gətirdi ki, "Qarabağ" formada olmadığı vaxtda bu qələbəni qazana bildi. Bir anlıq "Dinamo"nun sayılmayan qolunu xatırlayıram. Matçın qırılma nöqtəsi idi məncə. O qol sayılsaydı, çətin ki, geri dönüş edə biləcəkdik. Gedişat da onu göstərirdi. Matçın gedişində yazdığım status təsadüfi deyildi, rəqib fasilədən sonra üstünlük qazanmışdı, böyük qüvvə ilə üstümüzə gəlirdi, iki epizodda kobud səhv etdik, bir epizodda qol sayılmadı. Bunları bəxtin bizim tərəfimizdə olmasına bağlayaq. Komanda hələ formalaşır, yenilər heç 50 faiz də uyğunlaşa bilməyib, müdafiə və hücumda problemlər var.
Qurbanov məcbur qalıb xeyli müddətdir oyun praktikası olmayan Zlomisliçi qapıya qoymuşdu. Mən də olsam, risk edərdim. Koxalski oynamaq istəmir, məcbur qapıya qoymaqla deyil. Amma deyim ki, Zlomisliç debüt oyunu olmasına baxmayaraq, yaxşı çıxış etdi. Müdafiədə boşluqlarımız çoxdur. Bəli, 35 yaşlı Bədavi təcrübəsi hesabına oynadı, amma daha sürətli komandalara, daha sürətli futbolçulara qarşı bu oyunla oynamaq çətin olacaq. Verkony da hələ tam etibarlı deyil. Cinahlar yaxşıdı, amma tək cinahlarla müdafiə qurulmur. Üstəlik, məsələn, Elvin hücum planında yaxşıdı, bu gün ilk qolun ötürməsini da verdi, amma müdafiə planında zəifdi, vaxtında qayıdıb zonasını bağlaya bilmir.
Orta xətdə yaxşı futrbolçular var, seçim də çoxdu, amma 1. yenilər hələ sistemə və köhnələrə tam uyğunlaşmayıb, 2. müdafiə və hücumda olan problemlər orta xətti çox yükləyir.
Hücum xətti isə kifayət qədər düşündürməlidir. Kaşukla bu iş olan deyil. Baxmayaraq, bu gün çox vacib qol vurdu, amma o deyil axı. Adam hücumda çox narahatdı, o effekti verə bilmir, səmərəsiz yerə çox qaçdı, özünü çox yordu. Hücumçu mövqeyində oynayan biri 70 dəqiqə ərzində çərçivə istiqamətinə cəmi bir zərbə vurursa, əlavə sözə ehtiyac yoxdur. Təsadüfi deyil ki, qol vurmasına baxmayaraq, Qurban Qurbanov Musanı oyuna buraxıb Kaşuki cinaha, öz yerinə çəkdi. Amma adam artıq yorulmuşdu və bir qədər sonra, ümumiyyətlə, əvəzləndi. Bu cür hücum xətti ilə "Tvente"yə qarşı daha çətin olacaq. Amma bura kimi gəlmişik, pley-off son həddi. Düzdür, şəxsən mənə görə "Qarabağ" "Tvente"yə uduzsa belə, dünyanın sonu deyil. Buna görə klubu, baş məşqçini günahlandırmaq insafsızlıq olardı. Digər tərəfdən isə illərdi qurulan seriya zənciri var da, niyə də uzatmayaq...?!
Anar XANLAROV