Hanı Süleymanov? Hanı Cavadov? Hanı Qurbanov?!
- 2022-10-11 14:00
- 1649
Bazar günü Almaniyanın Frankfurt şəhərindəki “Festhalle” sərgi mərkəzində AVRO-2024-ün seçmə mərhələsinin püşkatma mərasimi keçirildi. Artıq sizin də xəbəriniz var ki, millimiz Belçika, Avstriya, İsveç və Estoniya ilə eyni qrupa düşüb. F qrupundakı rəqiblərimizlə mübarizənin perspektivləri, hansı yeri tuta biləcəyimiz başqa söhbətin mövzusudu. Mənim diqqətimi püşkatma mərasimində çox xırda, lakin bir ciddi nüans çəkdi ki, sizə bu barədə danışmaq istəyirəm.
Bu tip tədbirləri çox görmüşük. Eyni prosedur həm milli komandaların, həm də klubların püşkatma mərasimləri zamanı yaşanır. Hansısa ad yazılmış şar açılanda rejisorlar dərhal da həmin millinin, yaxud da klubun təmsilçilərini ekrana gətirirlər. Bu prosesin özü də bir növ reklamdı. Ümumilikdə 5-10 dəqiqə çəkən püşkatma mərasiminə qatılan nümayəndələrin orda oynadığı rol da elə ekranda göstərilməkdən ibarətdi. Onsuz da heç də hər kəs səbətdən şar çıxarmır, nə də komandaların hansı səbətlərdə yer alacağını müəyyənləşdirmir. Bunun üçün həm bəlli prosedurlar, həm də bəlli şəxslər var. Püşkatma mərasimində iştirak etmək həm də toy sahibinin dəvətini qəbul edib, orda iştirak etmək kimidi. Yəni ki, ay UEFA, biz səni sayıb, püşkatma mərasiminə gəlmişik. Ekranda da göstərilən simalar ona xidmət edir ki, bəs filan ölkə, yaxud da filan klub burda təmsil olunur, “toy yiyəsini” sayıb gəliblər.
Lazımdı ki, ora nümayəndə göndərərkən də bu nüansı nəzərə alıb, ölkəni, yaxud da klubu təsmil edəcək simanı həssaslıqla seçəsən. Bir növ dünyaya göstərəsən ki, baxın, bu məhşur adam bizimkidi. İndiki halda məşhur futbolçuların belə mərasimlərdə təmsilçi olması daha uyğundu. Bazar günü keçirilən püşkatma mərasimində də buna bir daha şahidlik etdik. Alman futbolunun bütün tanınmışları orda idi. Elə italyanlarla bağlı da eyni sözü demək olar. Məlumdu ki, onlarda bu baxımdan qıtlıq yaşanmır, yetərincə tanınmış futbolçuları var. Qardaş Türkiyənin nümayəndə heyətinin tərkibində gözə dərhal Hamit Altıntop dəydi. Onu görənlər türk futbolunun yaxşı günlərini bir daha xatırladılar. Bu yerdə onu qeyd edim ki, Altıntop Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin Milli Komandalardan məsul üzvüdü. Digər qonşularımız gürcülərin nümayəndə heyəti də tanınmış futbolçularla zənginləşmişdi. Gürcüstan millisinin baş məşqçisi, Fransa millisinin sabiq futbolçusu Villi Sanyolun yanında olan adlara diqqət yetirək: federasiyanın prezidenti, “Frayburq”da, “Şalke”də, “Herta”da çıxışı ilə tanınan Levan Kobiaşvili, azərbaycanlı futbolçuların “İnter”dəki çıxışından tanıdığı Aleksandr İaşvili, Aleksandre Amisulaşvili, Zurab Xizinaşvili.
Bəs bizim millinin italyan çalışdırıcısı Canni De Byazinin yanında kimlər yer alırdı? Sərxan Hacıyev, Kamran Vəliyev, Orxan Əhmədov... Bu şəxslərin hansı keçmiş futbolçudu? Onları dünyada kim tanıyır? Heç kim! Hanı Nazim Süleymanov? Hanı Vəli Qasımov? Hanı Vaqif Cavadovla İlqar Qurbanov? Doğurdanmı Azərbaycanda AFFA-da işləməyə, beynəlxalq tədbirlərdə futbolumuzun simasına çevrilməyə layiq sabiq futbolçu yoxdu?!