Günah Rüfətdə deyil
- 12:31
- 205
Ötən ilin iyulun 24-də Xorvatiyanın “Varajdin” klubu azərbaycanlı futbolçu Rüfət Abdullazadənin transferini rəsmən açıqladı. Sevincimizin həddi-hüdudu yox idi. Ona görə sevinirdik ki, daha bir azərbaycanlı futbolçu Avropada özünü göstərmək imkanı qazanmışdı. Özü də Xorvatiya kimi futbol ölkəsində. Çoxlarına məlumdur ki, Xorvatiya çempionatı Avropanın daha tanınmış və baxımlı futbol birinciliklərinə keçid üçün əla trampilin sayılır. Sadə dillə desək, Xorvatiya Avropanın qərbinə Azərbaycandan xeyli yaxındır.
Düzdür, “Varajdin” “Dinamo” və ya “Hayduk” kimi adlı-sanlı, imkanlı sayılmır. Hazırkı durumuna, turnir cədvəlindəki yerinə baxanda da Rüfətin yollandığı komandanın Xorvatiyanın ortababı olduğunu görmək mümkündür. Keçirdiyi 18 oyunda 6 qələbə qazanan “Varajdin” hazırda 23 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alır. Deməli, bu durum həm də Abdullazadənin xeyrinə işləməliydi. Çünki ortabab komandada özünü göstərmək, rəqabətdən “sağ çıxmaq” daha asan olur. Belə komandalarda nə tanınmış futbolçular oynayır, nə də azarkeşlərin böyük təzyiqi hiss edilir. Yetər ki, başını aşağa salıb, futbolunu oynayasan və istedadını yavaş-yavaş açmağı bacarıb özünü göstərəsən.
İyuldan bəri diqqətlərimiz Rüfətin üzərində idi. Futbolçunun meneceri Emil Əsədov da hər açıqlamasında Rüfətin fiziki durumunun hələ tam qaydasında olmadığını, tezliklə komandada şans qazanmağa başlayacağını deyirdi. Təəssüf ki, Rüfət Xorvatiyada olduğu müddət ərzində cəmi 9 matçda forma geyindi və vur-tut iki məhsuldar ötürməylə yadda qaldl. Həmyerlimizin Xorvatiyada vurduğu yeganə qol isə ölkə kubokuna təsadüf etdi, aşağı liqa təmsilçisinin qapısına vurulan yeddi qoldan birinə Abdullazadə imza atmışdı. Vəssalam, böyük ümidlərlə Xorvatiyaya yola saldığımız Rüfət Abdullazadənin “Varajdin” karyerası bu xırda-xuruş göstəricilərlə başa çatdı.
Rüfət artıq “Zirə”nin futbolçusudur. Acı həqiqəti öz diliylə etiraf edib. Sitat: “Avropada, xüsusilə də, rəqabətin çox yüksək olduğu liqalarda qalıcı olmaq çox çətindir. Bu, kənardan göründüyü qədər asan deyil. Orada təkcə futbol keyfiyyəti kifayət etmir. Güc, fiziki davamlılıq, səbr və yüksək səviyyədə peşəkarlıq çox vacibdir. Futbolçu hər gün öz üzərində işləməli, rəqabətə və təzyiqə hazır olmalıdır. Qeyd etməliyəm ki, Avropada qalmaq düşünüldüyü kimi asan deyil və bu yola tam hazır olmaq lazımdır”. Necə deyərlər, sitatın sonu.
İndi Rüfəti daşlamaq, onu bizim ümidlərimizi doğrutlmadığı üçün yetərincə tənqid etmək mümkündür. Bu hüququ jurnalistlərin də, azarkeşlərin də əlindən heç kim almayıb. Amma günah təkcə Rüfətdədirmi? Əlbəttə ki, yox. Rüfət azərbaycanlı futbolçunun tipik bir obrazıdır. Hər dəfəsində belə olur. Böyük ümidlərlə “Biləcəridən o taya” keçən hansısa futbolçumuz dərhal səviyyə fərqini görür və “ağ bayraq” qaldırır. Mahir Emrelini bu siyahıdan çıxarmaq mümkündür, lakin onun da böyük zirvələri fəth etdiyini demək olmaz. Mahir sadəcə, digərlərindən bir qədər artıq mübarizə aparır, tez təslim olmur. Bunun da çox uzun müddət davam etməyəcəyi gözləniləndir.
Deməli, günah təkcə Rüfətdə deyil. Neçə-neçə azərbaycanlı futbolçu Avropa klublarından əli ətəyindən uzun geri qayıdanda, hətta komandalarının düşərgəsini icazəsiz tərk edib, Bakıya qaçanda heç Rüfət anadan olmamışdı. Rüfəti unudun, futbola yanaşmamızı dəyişməli, uşaq futbolundakı problemləri həll etməliyik. Bu gedişlə gələcəkdə heç Rüfət səviyyəsində də futbolçumuz olmayacaq.