Gəncədə voleybol üzrə region məktəbləri arasında  yarış keçirilib. "Rekord.az" xəbər verir ki, turnir Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi və qadın voleybolçulardan ibarət "Gəncə" klubunun təşkilatçılığı və  Azərbaycan Voleybol Federasiyasının dəstəyi ilə baş tutub.
Üç mərhələdən ibarət yarışda əvvəlcə məktəbdaxili, daha sonra məktəblərarası qarşılaşmalar keçirilib. Ümumilikdə Gəncə, Samux, Naftalan, Göygöl, Daşkəsən və Goranboy rayonlarını əhatə edən turnirin final mərhələsində isə regionun ən güclü komandaları mübarizə aparıblar.
Yarışın yekun nəticələrinə əsasən, qızlar arasında Gəncə şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbi, oğlanlar arasında Goranboy rayon Faxralı kənd tam orta ümumtəhsil məktəbi, eləcə də qadın təhsil işçiləri arasında Göygöl rayon Balçılı kənd 1 nömrəli tam orta məktəbin komandaları birinci olublar.
Final oyunları və mükafatlandırma mərasimi Gəncə İdman Sarayında təşkil olunub.  Mükafatları Yeni Azərbaycan Partiyası Gəncə Şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdir müavini Rövşən Kərimov, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri Kamran İsmayılov və "Gəncə" klubunun prezidenti Elvar Osmanov təqdim ediblər.