Ölkənin mərkəzi arenasının ot örtüyü biabırçı vəziyyətdədi. Bu dünən də belə idi, bir ay əvvəl də belə olub, bir il əvvəl də, iki il əvvəl də. Düzəlmir ki, düzəlmir. 


Cənablar, bu, dağdı, qayadı, alınmaz qaladı, nədi də bu? Ki, alıb düzəltmək olmur. Otdu da. Ot. Toxumunu ək, dava-dərmanını ver, baxımını elə, qurtardı getdi. Nə böyük çətinlikdi axı bu?


Yüklənməsi də normaldı, uzağı 2 həftədən bir matç oynanır orda. O da avrokubokun startında. Sonra keçir ayda 1 dəfəlik rejimə. Bu mülayim qrafikdə olan tapşırığın öhdəsindən gəlinmirsə, onda bu işi görənlər niyə ordadılar?


Dünən milli komandanın oyunu əməlli-başlı palçığın içində keçdi. Ortada normal futbola yaxın heç nə görünmədisə, bunun bir səbəbi də meydança idi. Adı olub, özü olmayan meydança. 3 həftədən sonra "Qarabağ" burada Çempionlar Liqası matçı keçirəcək. Oyun üslubuna görə ideal ot örtüyünə ehtiyacı olan təmsilçimizin bu imkandan məhrum edilməsi ona aşkar zərbə vurmaqdan başqa bir şey deyil. Belə ot örtüyündə biz yox, qonaq komanda qarşılaşmaya 1:0 öndə başlayır.


Tofiq Bəhramov adına Respublika stadionunun qazonu illərdi həllini tapmayan bir problemdi. Bu işə məsul olanlar utanmalı, futbolumuzun üz qarasına çevrilməyi dayandırmalıdılar.