Frank De Blekerdən AFFA-ya təşəkkür məktubu
- 22:37
- 32
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında baş katibin müşaviri və Hakimlər Komitəsinin sədri kimi fəaliyyətini başa vuran belçikalı FIFA referisi Frank De Bleker AFFA-ya təşəkkür məktubu ünvanlayıb.
Rekord.az xəbər verir ki, De Bleker məktubunda Azərbaycanda çalışdığı iki illik dövrü dəyərləndirib, bu müddətdə əldə olunan uğurlardan bəhs edib, birlikdə çalışdığı hakimlərə, Hakimlər Departamentinə və AFFA rəhbərliyinə minnətdarlığını ifadə edib.
Frank De Blekerin məktubunu təqdim edirik:
“İki illik əməkdaşlıqdan sonra mənə ölkənin ən yaxşı hakimləri ilə işləmək imkanı yaratdığı üçün AFFA-ya səmimi təşəkkürümü bildirirəm. Bu müddət ərzində birlikdə həm ölkə daxilində, həm də beynəlxalq arenada mühüm uğurlara imza atdıq. İki hakimimizin UEFA-nın Birinci Kateqoriyasına yüksəlməsi ilə tarix yazdıq, UEFA Superkuboku və UEFA Çempionlar Liqası oyunlarına təyinatlar əldə etdik, seminarlarımızda UEFA-nın Hakimlik üzrə Mütəxəssisləri Byorn Kuypers və Karlos Velaskonu qonaq etdik. Həmçinin tariximizdə ilk dəfə olaraq dörd FIFA hakimi, iki əlavə köməkçi hakim və üç FIFA VAR hakiminə sahib olduq. Bütün bu uğurları birlikdə qazandıq və əldə etdiyimiz nəticələrlə qürur duyuram. AFFA-ya, Hakimlər Departamentinə və bütün oyun rəsmilərinə təşəkkür edirəm. Sizinlə işləmək mənim üçün böyük şərəf idi. İndi isə fəaliyyətimdə yeni bir səhifə açaraq Serbiyada RefCo-nun sədri vəzifəsinə başlayıram. Sonda isə futbola və hakimliyə ən uyğun ifadələrdən biri ilə sözümü bitirmək istərdim: Futbolda və hakimlikdə biz heç vaxt vidalaşmırıq”.