Serbiyanın Zrenyanin şəhərində keçirilən U23 Avropa çempionatı sona yaxınlaşır.

Rekord.az xəbər verir ki, yarışın altıncı günündə yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kq-da finalçılar müəyyənləşib.

Ayxan Cavadov (60 kq) bolqarıstanlı Borislav Kirilova 8:1 hesabıyla və albaniyalı Andi Mukaya “tuş”la qalib gələrək yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında gürcüstanlı Giorgi Koçalidzeyə minimal fərqlə (2:3) məğlub olan Cavadov sabah bürünc medal uğrunda güləşəcək. Rəqib ukraynalı Yevgeni Pokovba olacaq.

Fərid Xəlilov (67 kq) almaniyalı Yanıs Haynzelbekerə tam üstünlüklə (8:0) qalib gəldikdən sonra gürcüstanlı Anri Xozrevanidzeyə şans tanımayıb – 11:6. Xəlilov yarımfinalda rusiyalı Daniyal Ağayevlə bacarmayıb – 0:8. Fərid sabah üçüncü yer uğrunda ya Belarus, ya Macarıstan, ya da Ermənistan güləşçisiylə mübarizə aparacaq.

Fəraim Mustafayev (72 kq) bolqarıstanlı Dimitar Georgiyevi vaxtından əvvəl (8:0) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Rabil Askerova uduzub – 0:8. Mustafayev təsəlliverici görüşdə Dimitro Vasilyev (Ukrayna) – Artur Jeremeyev (Estoniya) qarşılaşmasının qalibiylə güləşəcək.

Elmin Əliyev (82 kq) macarıstanlı Sabolç Sinaya 5:3 hesabıyla qalib gəldikdən sonra ispaniyalı Xose Sobanı vaxtından əvvəl xalçadan məyus yola salıb – 8:0. Əliyev isveçli Aleksandr Yohanssonu isə sonuncu xal prinsipinə əsasən (3:3) üstələyərək yarımfinala yüksəlib. Elmin final yolunda belaruslu İliya Valevskidən güclü olub – 8:2. Əliyev həlledici görüşdə gürcüstanlı Tornike Mikeladzeylə güləşəcək.

Əli Quliyev (97 kq) 1/8 finalda xorvatiyalı Tomislav Brkana 2:5 hesabıyla məğlub olub.