Rəhim Həsənov "yaman" başlayıb. Gələndən ikinci dəfədir ki, Əliyar Ağayevin səhvini qabardır. Bunun məqsədli olmağı ilə bağlı bir fikir bildirə bilmərəm, çünki sübut, dəlil də yoxdur, iddia da. Amma ammalar az deyil.


Əliyar son illərdə zəifləsə də, müəyyən səviyyədən aşağı düşmür. Ən azı Premyer Liqada ən yaxşılardandır, bəlkə də ən yaxşıdır. Zirədəki matçda da, Sumqayıtdakı matçda da, Yevlaxdakı matçda da Ağayevin ilkin qərarları düzgün olub (ən azı görünən budur). Onu VAR-a çağıraraq "çaşdırıblar", deyilən qərarla razılaşıb, sonda da məlum olub ki son qərar səhvdir. Maraqlıdır ki, matçlarda VAR-da fərqli hakimlər olub, onlar da təcrübəli hakimlərdirlər. Müzakirəlik mövzudur.


Əliyar Avropada normal oyun idarə edir. Orada öyrəşib və bilir ki, "VAR çağırırsa, deməli həqiqətən nəsə səhv qərar vermiş ola bilərəm". Daxili yarışda da eyni düşüncə ilə hərəkət edərək həmkarlarının qərarlarını doğru kimi qəbul edir, onlarla razılaşır. Nəticəsi də məlumdur. Yaxşı bəs oyundan sonra özünün düz qərar verdiyini görən Ağayev niyə növbəti belə epizodlarda da eyni addımı atır? O onu da bilir ki, VAR-a getmək mütləq qərarın dəyişdirilməsi demək olmamalıdır. Elə son "Sumqayıt" - "Sabah" matçının götürək. Təzəcə FİFA almış Tural Qurbanov iki dəfə getdi, ikisində də doğru qərarla qayıtdı. Birində penalti qərarının düz olmadığını gördü və qərarını dəyişdirdi. Birində isə görüntüdə topun ələ dəyib-dəymədiyini dəqiq müəyyənləşdirməyin mümkün olmadığını görərək öz qərarında qaldı. Başlanğıcda Əliyar da belə edirdi. Xatırlayıram ki, onu "ekran qarşısına" çağırmaq da çətin idi. Eqosu çox yüksək idi, bəzən heç gəlmirdi. Gələndə də öz qərarında qalırdı. Sonra başa saldılar ki, sən Kollina deyilsən, səhv də görə bilərsən. İndi isə tərsinədir, VAR düz-səhv nə deyirsə, onu da edir. "Xarakter problemi var" demək də olar buna.


Ancaq Rəhim də bilməlidir ki, sədr olması ona Əliyar kimi hakimi birdən-birə bu vəziyyətə salmasına şərait yaratmır. Hə, formasından uzaq, günlük performansı zəif ola bilər. Bunu həll etməyin də yolu, tətbiqi sadədir, edilir də. Yox, nəsə pərdəarxası olay, nəsə başqa söhbətlər varsa, bunu ya açıqlayın, ya da çağırıb fitini alıb birdəfəlik yola salın, getsin. Uzatmaq lazım deyil. Yoxdursa belə bir şey, sadəcə hansısa mövqe davasıdırsa, bundan əl çəkmək gərəkdir. Şəxsən mən Həsənovun bəzi qərarları ilə razı deyiləm. İzahları da anlaşılmaz olur. Yevlaxda Ribeyronun etdiyi hərəkət təmiz penalti idi və özündən "Amerika kəşf etməyə ehtiyac yoxdur". Öncəsində Sumqayıtda Rüstəm Əhmədzadənin epizodunda da "təzə söhbət" çıxartmışdı. Sədr olmaq idarə etmək deməkdir, ağıl öyrətmək yox. Həm də ki, Əliyar Ağayev Rəhim Həsənovdan daha yaxşı hakimdir, qaydaları da ondan daha yaxşı bilir. Bunun əksini mənə heç kim sübut edə bilməz. Odur ki, diqqətli davranmaq lazımdır. Əliyar kimi hakimlərimiz azdır, yerinə gələn ya yoxdur, ya da onun səviyyəsinə qalxmağına çox var. Unutmayaq ki, dağıtmaq düzəltməkdən daha asandır. Balans çox vacibdir. 


Bir sözlə, Əliyar Ağayev elə hakimdir ki, biz onu itirməyə yox, qazanmağa çalışmalıyıq. Rəhim Həsənov buna bu yolla nail olmaq istəyir? Bu da maraqlı iddiadır və metod kimi qəbul edə bilərik. Sadəcə ehtiyatlı olmaq lazımdır. Ümumiyyətlə, HK-nın yeni sədri haqqında ancaq yaxşı sözlər eşitmişəm, qalmaqallarda adı hallanmayıb. Bilirəm ki, regionlara gedir, bütün liqaları diqqətdə saxlayır, ölkədəki hakimliyin durumu haqda real bilgilərə malikdir. De Bleker kimi ancaq öz otağında oturmur. Belçikalının ümumiyyətlə, özünə əziyyət verməklə arası yox idi, hakimlərin çoxunu da heç tanımırdı. Bu baxımdan onun UEFA-FİFA ilə işə yönəldilməsi, Rəhimin isə konkret işlə məşğul olması doğru addımdır. Həsənov da işinin həcm və miqyasını artırmalıdır. Məsələn, I Liqadakı həm təcrübəli, köhnə hakimləri, həm də gəncləri elitaya gətirmək (qaytarmaq), onlara daha çox şans verərək seçim variantlarını çoxaltması yaxşı olardı.


İş çoxdur. Əvvəlcə aşağıları düzəldək, seçimi artıraq, rəqabət yaradaq, sonra sərt addımlara keçərik.