"Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze Premyer Liqanın yeni mövsümünün ilk turunda “Turan Tovuz”a qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:

"Turan Tovuz”u da bugünkü qələbə münasibətilə təbrik edirəm. Həmçinin “Sabah”ı və “Qarabağ”ı avrokuboklardakı uğurlu çıxışları münasibətilə təbrik edirəm. İnanıram ki, onlar eyni ruhda davam edəcəklər.

Maraqlı oyun alındı, meydanda bərabər mübarizə gördük. İlk hissədə bir səhvə yol verdik və nəticədə qol buraxdıq. Ümumilikdə, “Turan Tovuz”un ciddi qol epizodları çox olmadı. İkinci hissədə rəqibə təzyiq göstərə bildik və daha yaxşı oynadıq. Lakin son ötürmələrdə və zərbələrdə soyuqqanlılıq çatmadı. Bu heyətlə ilk oyunumuzu keçirdik. Yoldaşlıq görüşlərində bu heyətlə oynamamışdıq. Mən bu komandanın potensialını gördüm. Düşünürəm ki, bu komanda daha yaxşı nəticələr əldə edə bilər. Bu oyunda komandada böyük potensial gördüm və ümid edirəm ki, bunu göstərəcək. Bu gün ötən mövsümü üçüncü pillədə başa vurmuş klubla oynadıq və ondan heç nədə geri qalmadıq. Bəzi epizodlarda hətta daha yaxşı idik”.