“Bu heyətlə məqsədimizə çata bilərik” - Zaur Həşimov
- 21:14
- 38
"Şəfa"nın baş məşqçisi Zaur Həşimov Premyer Liqanın 2-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri səfər matçından sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 1:0 hesablı qələbəni belə şərh edib:
"Şükürlər olsun, ilk üç xalımızı qazandıq. Özü də bunu Qəbələ səfərində bacardıq. Hamımız bilirik ki, burada oynamaq asan deyil. Rəqib də yaxşı komandadır. Hava şəraiti futbolçular üçün müəyyən çətinlik yaradırdı. Amma uşaqlar bütün çətinliklərin öhdəsindən gəldilər. Düzdür, zaman-zaman üstünlüyü rəqibə verirdik. Bu, normaldır. Bütün 90 dəqiqə ərzində üstünlüyün yalnız bir komandada olması mümkün deyil. Özümüz də qol epizodları yaratdıq, rəqibin də şansları oldu. Nəticədən və futbolçularımın oyunundan çox razı qaldım. Bu qələbəni “Şəfa” rəhbərliyinə və bizi dəstəkləmək üçün Qəbələyə gələn azarkeşlərimizə həsr edirik.
Bu mövsüm qarşımıza qoyulan əsas məqsəd Premyer Liqada qalmaqdır. Komandamız gəncdir, bir neçə ildən sonra yenidən elitaya qayıtmışıq. Amma indiki “Şəfa” ilə 26 il əvvəlki “Şəfa” arasında müqayisə aparmaq düzgün olmaz. Daha da yaxşı olmalı, güclənməliyik. İnanıram ki, bu heyətlə qarşımıza qoyulan minimum hədəfə çata biləcəyik".
Transfer məsələsini bağlamışıq. Güclənmək deyəndə komandanın öz inkişafını nəzərdə tuturam. Məsələn, Luiz Felipe cəmi üç həftədir ki, bizimlədir. Elə futbolçular var ki, birlikdə ikinci oyunlarını keçirirlər. Futbolçuların həm fiziki baxımdan daha yaxşı vəziyyətə gəlməsi, həm də bir-birini daha yaxşı anlaması lazımdır. Yeni transfer gözlənilmir".