Azərbaycanın stolüstü tennisçisi Fransada çempion oldu
- 22:33
- 23
Stolüstü tennisçi Mehin Mirzəbalayeva Fransanın Strasburq şəhərində keçirillən "Euro Mini Champs" yarışında uğurla çıxış edib.
Rekord.az xəbər verir ki, 2014-cü il təvəllüdlü idmançıların mübarizəsində ilk 3 mərhələni lider kimi başa vuran Mehin, 1/8 finalda moldovalı, 1/4 finalda isə fransalı rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib.
Bu mərhələdə İsveçrə təmsilçisi ilə qarşılaşan istedadlı idmançı 3-0 hesablı qələbə ilə mini Avropa çempionatı adlandırılan nüfuzlu yarışın finalına vəsiqə qazanıb.
Həlledici görüşdə turnirin ötənilki qalibi Kaja Tvorogalla qarşılaşan Mehin Mirzəbalayeva, latviyalı rəqibinə də 3:1 hesabı ilə qalib gələrək, "Euro Mini Champs"ın baş mükafatına layiq görülüb.
Bu, stolüstü tennisçilərimizin sözügedən yarışda qazandığı ilk qızıl medaldır. Bundan əvvəl Onur Quluzadə analoji yarışın bürünc mükafatına sahib çıxmışdı.