Azərbaycanda ilk dəfə olaraq üzgüçülüyün fridayvinq növü üzrə “Aquatic Palace Open Cup 2022” yarışı keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyasının, Azərbaycan Gənclər və İdman Nazirliyinin və Bakı Su İdmanı Sarayının təşkilatçılığı ilə keçirilən bu beynəlxalq yarışa 3 ölkədən 23 idmançı qatılıb.

Federasiyanın mətbuat xidmətinin məlumatına görə Azərbaycan, Rusiya və Özbəkistandan olan 4 qadın və 19 kişi idmançı birincilikdə öz güclərini sınayıblar. Yarışa Beynəlxalq Dayvinq Federasiyası tərəfindən iki hakim göndərilib. Yarışın qaydalarına əsasən idmançılar birinci günü suda nəfəs saxlama, ikinci günü isə suya dərinliyə baş vurma üzrə mübarizə aparıblar. Yarışın hər iki növündə kişilərdən Qubad Məmmədov, qadınlardan isə Anna Vəliyeva birinci yeri qazanıblar. Sonraki iki yeri kişilərdən Eldar Qadirov və Namiq Əhmədzadə, qadınlardan isə Oksana Beker və Ülviyyə Həsənova tutublar. Bakı Su İdmanı Sarayında təşkil olunan beynəlxalq turnir iki gün davam edib.