Azərbaycan oxatanları Gürcüstanın Batumi şəhərində keçirilən Xatuna Narimanidze adına beynəlxalq turniri 4 kateqoriyada 7 medalla başa vurublar.

Rekord.az xəbər verir ki, Azərbaycanın gənc idmançıları 6 gümüş və 1 bürünc mükafata sahib çıxıblar.

U-15 kateqoriyasında 40 metr məsafədə fərdi yarışan Hüseyn Məhərrəmov gümüş medalına sahib olub.

U-18 kateqoriyasında 60 metr məsafədə oğlanlar arasında komanda yarışında Nurlan Rəhimli və Sərdar Vəliyev cütü gümüş medal əldə ediblər. Eyni kateqoriyada qarışıq komanda növündə 60 metr məsafədə mübarizə aparan Sərdar Vəliyev və Yağmur Qurbanlı gümüş medala yiyələniblər.

Qızlar arasında U-15 kateqoriyasında 40 metr məsafədə komanda yarışında güclərini sınayan Selcan Məmmədli və Sona Rüstəmli isə gürcüstanlı rəqiblərinə qalib gələrək bürünc medalı ölkəmizə qazandırıblar.