Ayxan Cavadov yenidən dünya çempionu oldu
- 22:30
- 21
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U20 dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, dördüncü yarış günündə yunan-Roma güləşi üzrə 60 və 82 kq-da, qadın güləşi üzrə isə 50, 53 və 72 kq-da qaliblər müəyyənləşib.
Ayxan Cavadov (60 kq) finalda özbəkistanlı Dostonbek Oripovla qarşılaşıb. Həmyerlimizin ilk hissədə icra etdiyi 4 xallıq fənd qarşılaşmanın taleyini həll edib. Rəqibinə 4:1 hesabıyla qalib gələn Ayxan titulunu qoruyub və ardıcıl 2-ci dəfə U20 dünya çempionu olub.
Elmin Əliyev (82 kq) bürünc medal uğrunda görüşdə türkiyəli İsmayıl Bərəkətlə üz-üzə gəlib. Qarşılaşmanın əvvəlindən təşəbbüsə yiyələnən güləşçimiz sonadək üstünlüyü qoruyub və 7:1 hesablı qələbəylə dünya üçüncüsü olub.
Zəhra Kərimzadə (72 kq) isə bürünc medal uğrunda qarşılaşmada rusiyalı Liliana Kazminaya (tuş) məğlub olub və dünya çempionatını 5-ci pillədə başa vurub.
Beləliklə, mundialda qazandığımız medalların sayı 5-ə çatıb. Öncəki günlərdə Cavidan Nehmətov (77 kq) gümüş, Emin Cavadlı (55 kq) və Tural Əhmədov (63 kq) isə bürünc medal əldə edib.