Məlum olduğu kimi, sentyabrın 19-da 2020-ci il 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.

Rekord.az xəbər verir ki, terrorçulara qarşı mübarizədə polis əməkdaşları da fəal şəkildə iştirak ediblər.

Onlardan biri də Gəncə Şəhər Baş Polis İdarəsinin xüsusi təyinatlısı, avqustun 31-i sentyabrın 2-si aralığında Xorvatiyanın Zaqreb şəhərində keçirilən Savat döyüş növü üzrə Avropa çempionatında bürünc medal qazanan Sənan Babazadə olub. Bu il həm də Asiya kubokunun qalibi olmuş,  “Xorvatiya Open” və “Macarıstan Open” turnirlərində bürünc medal, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Respublika turnirində qızıl medal qazanmış idmançı əməliyyat zamanı qolundan və başından yaralanıb. Hal-hazırda Babazadənin durumu yaxşıdır. Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli xəstəxanada müalicə alan idmançının qısa zamanda evə buraxılacağı gözlənilir. 

Savat, başqa adı ilə Fransız boksu adından da göründüyü kimi bu ölkənin milli idman növüdür. 200 ilə yaxın tarixə malik olsa da, ilk dəfə 1924-cü ildə məhz Parisdə keçirilən yay olimpiadasındakı növlər sırasına daxil edilib. Sonradan proqramdan çıxarılsa da, bu növ üzrə dünya və Avropa çempionatları keçirilməyə davam edib. Azərbaycan Savat Federasiyası 6 ildir ki, fəaliyyət göstərir. 

Federasiyanın prezidenti əməkdar məşqçi, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Rafiq Əliyevdir.