Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Avropa çempinatına hazırlıqları davam etdirən qadın voleybolçulardan ibarət millimizlə görüşüb. "Rekord.az" xəbər verir ki, GİN-in Voleybol Mərkəzində baş tutan görüşdə AVF-nin vitse-prezidenti Bəhruz Quliyev, baş katibi Faiq Orucov və federasiyanın əməkdaşları iştirak ediblər.

AVF rəhbərliyi ilk olaraq komandamızın məşqini izləyib. Məşqdən sonra yığmamızın üzvləri və məşqçilər heyəti ilə söhbət edən federasiya prezidenti Şahin Bağırov komandanın hazırkı vəziyyəti ilə maraqlanıb, voleybolçularımıza yarışda uğurlar arzulayıb. Bakıda Avropa çempionatının ilk dəfə 2017-ci ildə keçirildiyini və həmin yarışda millimizin uğurlu nəticə qazandığını xatırladan Ş.Bağırov komandamızın bu dəfə də doğma meydanda qrup mərhələsini adlayıb pley-offa yüksələcəyinə inamını ifadə edib. O, Faiq Qarayevin rəbərliyi ilə voleybolçularımızın mərhələ keçmək üçün əllərindən gələni edəcəklərinə əmin olduğunu vurğulayıb, onlara uğurlar arzulayıb.

Daha sonra AVF rəhbərliyinə məşq prosesinin növbəti mərhələsi, həmçinin keçirəcəyi yoxlama qarşılaşmaları haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, 21-28 avqust tarixlərində Bakının ev sahibliyi edəcəyi C qrupunda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milli komandaları mübarizə aparacaqlar. CEV EuroVolley 2026-nın digər qruplarının oyunları isə Türkiyə (A qrupu), Çexiya (B qrupu) və İsveçdə (D qrupu) keçiriləcək.