Kamran Qədirov ad-soyadı futbolsevərlərə çox söz deməsə də, 2013-16-cı illər aralığında yan xətt hakimi kimi çalışıb. Daha doğrusu, hakimlik 2-ci işi olub, başqa bir layihədə də olub. Hazırda futboldan kənar sahədə olan Kamran bəy haqsızlığa məruz qalıb. AFFA-nın divarları arasında fəaliyyət göstərən bəzi bəylər onun tərcüməsini öz adına çıxaraq, halal əqli mülkiyyət kimi kitab halında nəşr etdiriblər, indi də vəziyyəti düz-əməlli izah edə bilmirlər.

 

Rekord.az xəbər verir ki, Kamran bəy "Futbol+” qəzetinin redaksiyasına göndərdiyi məktubda bunları qeyd edib:

 

"Mən 2014-cü ildən etibarən futbol üzrə Oyun Qaydalarının tərcüməsində AFFA Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədova kömək edirdim. Həmin vaxt Xaqani müəllim Futzal üzrə Oyun Qaydalarını da tərcümə etməyimi məndən xahiş etmişdi. Təkbaşına tərcümə etdiyim Futzal Oyun Qaydalarını Xaqani müəllim redaktə etdi, lakin nədənsə həmin qaydalar kitab şəklində nəşr olunmadı.

 

Xaqani müəllim vəzifədən azad ediləndən sonra Futzal Oyun Qaydalarının AFFA tərəfindən nəşr edildiyini eşitdim. Həmin kitab təsadüfən əlimə keçdi və mən kitabı vərəqlədikdə tərcüməçi kimi futzal üzrə beynəlxalq dərəcəli hakimlər Elçin Məmmədovla Elçin Səmədlinin adlarının qeyd edildiyini gördüm. Bir neçə il öncə etdiyim və komputerimdə saxladığım tərcümə ilə müqayisə zamanı tərcüməmim oğurlandığına əmin oldum. Redaktə edilmiş tək-tük cümləni nəzərə almasaq, cümlələr vergülünə qədər eyni idi. Tərcümə sahəsində azacıq təcrübəsi olanlar bilir ki, hətta bir cümləni belə iki ayrı tərcüməçidən tərcümə etməsini xahiş etsək, onların tərcümələri fərqli olacaq. Burda isə söhbət bir cümlədən və ya bir səhifədən yox, bütöv bir kitabdan gedir.

 

Məsələyə aydınlıq gətirmək üçün Hakimlər Komitəsinin departament rəhbəri Cavid Cəlilovla əlaqə saxladım və ona bildirdim ki, bu məsələdə heç bir maddi tələbim yoxdu, sadəcə, tərcüməmim altına başqalarının imza atması məni məyus edir. Üstəlik bunu edənlərin ədalət təmsilçisi olması adama daha pis təsir edir. Cavid müəllim məsələni araşdıracağına söz verdi və ertəsi gün Elçin Məmmədov özü mənimlə əlaqə saxladı. Söhbət əsnasında Elçin Məmmədov kitabı özü tərcümə etmədiyini etiraf etdi. Onun sözlərinə görə, kitab tərcümə mərkəzlərindən birində tərcümə edilib və daha sonra adı çəkilən hakimlər tərəfindən redaktə edilib. Elçin Səmədli ilə danışmaq istəyim isə nəticəsiz qaldı, zənglərimə və mesajlarıma cavab vermədi.

 

Bugünlərdə öyrəndim ki, artıq Futzal Oyun Qaydalarının yeni nəşri AFFA tərəfindən elektron formatda dərc edilib və orda tərcüməçi kimi bir neçə adamın adı yazılıb. Cavid Cəlilovun da tərcüməçilərdən biri kimi qeyd edildiyi yeni nəşrdə kitabın strukturuna dəyişiklik edilib. Çox güman, qaydalara dəyişiklik və düzəlişlər edilib, lakin tərcümə etdiyim cümlələrin əksəriyyəti hələ də kitabda qalıb. Gördüyünüz kimi, AFFA HK müəllif hüquqlarımı pozmaqda davam edir. Qəzetiniz vasitəsi ilə AFFA Hakimlər Komitəsinə bir daha səslənərək bu yanlışlığın aradan qaldırılmasını xahiş edirəm. Əks halda məsələni hüquq müstəvisində həll etməyə məcbur olacağam”.