16-cı tura baxış
- 11:53
- 35
Premyer Liqada 16-cı tur geridə qaldı. Öyrəndik ki...
- yeni qış çempionumuz var. "Qarabağ"ın hegemonluğu o qədər böyüyüb ki, belə adi şeyləri qəbul etməkdə çətinlik çəkirik. Bəli, çempionat təzə yarılanıb, mübarizə hələ qabaqdadır. Ancaq yenə də turnir cədvəlində yeni liderimiz var. Və "Sabah" bunu haqq edib. Valdas Dambrauskas əlinin altındakı materialdan doğru istifadə edir, futbolçular da hədəfə köklənib, sabit oyun nümayiş etdirirlər. Normalda bu çempionluq xəttidir. Qalır bunu daha da gücləndirmək və sona qədər davam etdirə bilmək.
- "Qarabağ" da geri çəkilmir. "Qəbələ" ilə matçda ümumi komandanın yorğunluğu aşkar nəzərə çarpsa da, 3 xalı aktivlərinə yazıb, aradakı fərqin artmasının qarşısını aldılar. 25 ötürmə ilə vurulan ikinci qol ayrı bir mövzudur. Bu komanda ən halsız dövründə belə bu cür qollar vura bilirsə, deməli, klass itməyib. Ancaq ağır, yorucu ili, böyük yük altında keçirdikləri son ayları nəhayət başa vuran ağdamlıların ciddi istirahətə ehtiyacları var. Çünki ÇL öz yerində, bu dəfə Premyer Liqanı asan qalib başa vurmaq mümkün olmayacaq.
- "Neftçi"də də kiçik ümid işığı var. Yevlaxdakı biabırçı süni örtüyə rəğmən qələbə qazanmağı bacaran "ağ-qaralar", qış fasiləsinə yaxşı əhval-ruhiyyədə yollana bildilər. Uğursuz bir ili başa vuran komandanın yeni, təcrübəli və klubun ağırlığını başa düşən baş məşqçisi var. O da bilir ki, "Neftçi" kimi nəhəng olmalı olduğu yerdə deyil və onu geri qaytarmaq üçün çox çalışmaq lazımdır.
- Heyət problemləri olan "Zirə"nin xal itkisi, birinci hissədə real şansları boşa verən "Şamaxı"nı məğlub edən "Araz"ın qələbəsi gözlənilən oldu.
- Çempionluğa iddialı olan "Turan"ı da unutmayaq. Bu tur Qərb derbisində lazım olan xalları qazanan tovuzluları hesabdan silmək olmaz. Təxirə salınan oyunu da nəzərə alsaq, Kurban Berdıyevin yetirmələri faktiki qızıl medal yarışındadırlar. Bəli, bu real deyil, çünki "Sabah" da, "Qarabağ" da başqa səviyyədədirlər və bu aşkar görünür. Ancaq "Turan" bu liderlər qrupunda qaldıqca ən azı Avropa biletinə daha yaxın olacaq, azarkeşlərini sevindirə biləcək. Çətin yoldur, amma keçilməz deyil.
- Liqamız üçün darıxacağıq.