AFFA üçün gecikən işlər
- 13:38
- 50
Hörmətli AFFA!
Hörmətli cənablar, işə başlamaq lazımdır.
Adaptasiya dövrü başa çatdı. Rəhbərliyiniz altında milli komanda bir Millətlər Liqası, bir də seçmə tsikl arxada qoydu. Nəticə yoxdur. Nəinki yoxdur, biabırçıdır. Bəli, bunun tək səbəbkarı siz deyilsiz. Ölkə futbolu elə vəziyyətə salınıb ki, onu 1-2 ilə düzəltmək mümkün deyil.
Amma bu müddət də az müddət deyil və xeyli iş görmək olardı. Cari və strateji problemlər var ki, həllini gözləyir. Sabahdan yox, elə bu gündən başlayıb bu məsələlərə əncam çəkilməlidir.
Hansı məsələlər?
Cari işlərdən başlayaq.
İlk öncə İcraiyyə Komitəsinin iclası çağırılmalıdır. Məsələlər budur:
1. Əsas milli komandanın baş məşqçisi Ayxan Abbasovun təyinatı rəsmiləşdirilməli, ictimaiyyətə açıq məlumat verilməlidir. Bəllidir ki, bu gün üçün ən uyğun variant odur. Bunu siz də bilirsiz, biz də, hamı da. Heç olmasa, iki illik müqavilə imzalayın, qarşısına konkret hədəf qoyun. Məsələn, Millətlər Liqasında D qrupunun qalibi olmaq və bunu yaxşı, baxımlı futbolla etmək. Ondan milli komandanın bundan sonrakı inkişafını necə gördüyünü soruşun, plan tələb edin. Və bunu da ictimaiyyətə açıqlayın.
2. Aşağı yaş qrupları üzrə millilərə də bir qərar verin, yenilənmələr edin.
- U-21-ə baş məşqçini rəsmi təyin edin, bu müvəqqətilikdən çıxarın məsələni.
- U-15, U-16 və U-17-nin hamısını rəhbəri olan Aqil Nəbiyev möcüz deyil bütün yığmaları ona tapşırasınız. Bir adam fiziki və psixoloji olaraq 3 yığmanı birdən yaxşı hazırlaya bilməz. Çox yaxşı məşqçidir, bilik-bacarığı, milli ruhu əla səviyyədədir. Çağırın, bir söhbət edin, tək bir komanda seçin, verin ona, şəraiti də yaradın, işləsin. 2 ildən sonra U-20 DÇ-si olacaq ölkəmizdə. İndidən o komandanı Aqilə tapşırmaq olar, məsələn. Zatən hamısı elə onun əlinin altından çıxmış uşaqlardır.
- Nəhayət, bu Elxan Abdullayev və İlham Yadullayev cütlüyünü yola salın. Qardaş, bacarmırlar da bu işi. Bacarmırlar, yola verirlər, vallah-billah, yola verirlər. Ölkədə 50 dənə Pro kateqoriyası olan məşqçi var. Onlara da şans verək. Eramızdan əvvəl bu işə başlayıb, heç bir xeyir verməyənlərlə davam etmək xarakiridir. Axırı yoxdur, vardırsa da, pisdir.
3. Məşqçilərlə yanaşı, qurumun strukturunda yer alan digər şəxslər - departament, komitə rəhbərləri və s. barədə qərarlar qəbul edin. Ya yenilənmə, ya da təsdiq olmalıdır. Müvəqqəti statuslar bu qədər uzun davam etməməlidir.
Strateji işlər
1. Elə strategiyadan başlayaq. Tərpənmək lazımdır, cənablar. Mən çox yaxşı başa düşürəm ki, AFFA tikinti şirkəti deyil və o yekəlikdə layihəni öz büdcəsi hesabına yerinə yetirə bilməz. Amma gücünüz çatan məsələlər də var axı. Bunu da siz həll etməlisiz. Bu işləri strategiyanı yazdırıb qəbul edəndə düşünmək lazım idi. Media zatən lazımi dəstəyi verib, hətta artığını da edib. Bundan sonra top sizdədir.
2. Regional Federasiyalardan başlayın. AFFA federasiya yox, federasiyalar toplusu, assosiasiyadır. Bir qurumun alt qurumları işlək deyilsə, o qurumun özü də işlək deyildir. De-fakto işlək deyilsiz.
3. Uşaq futbolunu necə düzətmək planınız olduğunu açıqlayın.
4. İnfrastrukturla bağlı ən yaxın gələcəkdə hansı addımlar atacağınızı bildirin.
5. Peşəkar kadrlarla işləyin.
6. Futbolu ciddiyə alın.
7. Futbolu ciddiyə alın, amma ona idarə kimi baxmayın. Bu oyun küçədən gələn oyundur, ona qalstuk yaraşmır, mane olur. Korporativ yanaşma, hesab-kitab yaxşıdır. Amma "bu 5 qəpik ordan gəldi", "o 3 manat ordan getdi"nə sərf olunan vaxtı da artırmayın. Meydanda olun.
8. Milli komanda üçün qeyri-azərbaycanlıları milliləşdirmə söhbətini birdəfəlik bağlayın, o mövzunu daxildə açan kimsə varsa, anında cəzasını verin, kənardan deyilənlərə də qulaq asmayın. Ladaqalı, Qomeşli, Pereyralı, Nazarovlu dönəmi görmüş biri kimi deyirəm, yenə boş çıxacaq bu plan. Onda həmin yükün altından çıxmaq mümkün olmayacaq.
9. Milli komanda AFFA-nın yox, xalqındır. Sizə qədər uzun illər yığma xalqdan uzaq salınıb deyə, hazırkı durum yaranıb. Bu baxış bucağı dəyişməlidir.
Ona görə də mütəmadi hesabatlı olun. İcraKomlardan, vacib olan və olmayan tədbirlərdən sonra müxtəlif ranqda - baş katib, vitse-prezident, komitə rəhbərləri səviyyəsində brifinqlər təşkil edin. Bəlkə də hiss eləmirsiz, amma AFFA bu baxımdan çox qapalı quruma çevrilib. Media ictimaiyyət qarşısında hesabat vermək üçün əsas vasitədir. Bu, sizin işinizdir.
10. Milli ruha üstünlük verməkdə davam edin. Doğru yol budur.
Siyahı uzun oldu, daha da uzada bilərəm. Amma özünüz də hər şeyi çox yaxşı bilir, başa düşürsüz. Vaxt yoxdur. Vaxt çoxdan bitib. Dünən gec idi, bu gün çox gecdir, sabah ümumiyyətlə geri dönüşü olmayan yola giriləcək. Milli komandanın məğlubiyyətləri və az qala 2 illik qələbəsizlik seriyası səbəb yox, görülən və görülməyən işlərin nəticəsidir. Milli komanda bu işlərin güzgüsüdür. Ayxan Abbasovun gətirdiyi döyüşkənlik, mübarizlik ruhu ilə maksimum bir yerə qədər gələ bilərik. Ondan sonra o da bəs etməyəcək. O zaman da nə söz qalacaq, nə də əməl.
Kənan Məstəliyev