Bu yaxınlarda əlimizə Azərbaycanın şəhər və rayonlarında olan, 2018-ci ilə qədər qeydiyyatdan keçmiş idman qurğularının siyahısı düşdü. Təbii ki, bizim üçün daha çox maraq doğuran stadionların sayı idi. Statistikaya görə, hazırda Azərbaycanda dövlət qeydiyyatında olan 196 stadion var. Həmin stadionlardan 76-nın tutumu 1500 nəfərdən yuxarıdır. Əslində kifayət qədər maraqlı rəqəmdi. Maraq üçün deyək ki, həmin stadionlardan 36-sı paytaxt Bakıda yerləşir. Qalan 40 stadion isə bölgələrin payına düşür. Təəssüf doğuran məqam isə, həmin bu stadionların demək olar, 85-90 faizinin boş qalmasıdır. Çünki ölkədə futbolun, xüsusilə bölgə futbolunun səviyyəsi sıfıra yaxındır. Premyer Liqada cəmi 8 komanda mübarizə aparır. Halbuki, ilk milli çempionatın keçirildiyi 1992-93-cü illərdə bu say 26-a bərabər idi. 8 komandanın da "Qəbələ" və "Sumqayıt" xaric, hamısı Bakıda məskunlaşıb. I Divizionda isə mübarizə aparan 13 komandadan yalnız 5-i bölgəni təmsil edir ("Qəbələ", "Sumqayıt", "Kəpəz", "Turan Tovuz" və "Zaqatala"). Düzdür, "Qarabağ" da bölgəni təmsil edir, amma əsas komanda kimi, əvəzedicilər də ev oyunlarını Bakıda keçirirlər. Gördüyünüz kimi, peşəkar status daşıyan 21 komandadanın istifadə etdiyi 13-14 stadionu (əvəzedicilərin əksəriyyəti elə əsas komanda ilə eyni stadiondan istifadə edir) çıxsaq, yerdə qalan stadionların hamısı faktiki fəaliyyətsiz qalıb. Düzdür, AFFA yeni-yeni Region Liqası" turnirini keçirdir və burada çıxış edən bölgə komandaları təmsil etdikləri bölgələrdəki stadionlardan istifadə edir. Amma razılaşaq ki, sözügedən liqa həvəskar status daşıyır və bu tipli komandaların mövcudluğu da həvəskar xarakter daşıyır. Ona görə onların oynadıqları stadionların hazırkı durumu da həvəskar səviyyədədir. Halbuki, yeni tikiləndə həmin arenalar bütün yarışlar üçün nəzərdə tutulmuşdu. 

QAZAX STADİONU

 

Məsələn, Gəncə-Qazax istisadi rayonunda tamaşaçə tutumu 1500 nəfərdən çox olan 7 stadion var. Bu stadionlardan hazırda yalnız Gəncə və Tovuz stadionlarından istifadə olunur. Qazax, Şəmkir, Naftalan, Ağstafa kimi rayonların stadionları boş qalıb. Nəzərə alaq ki, Qazax, Şəmkir və Ağstafa vaxtı ilə ölkə çempionatının yüksək liqasında da mübarizə aparıblar. 10 minlik Qazax stadionunda “Göyəzən” hətta SSRİ çempionatının oyunlarını da keçirdib.

 

QAX STADİONU

 

Şəki-Zaqatala iqtisadi rayonunda da tamaşaçı tutumu 1500 nəfərdən çox olan 7 stadion mövcuddur. Amma bu gün yalnız “Qəbələ” və  Zaqataladakı stadionların fəaliyyətindən istifadə olunur. Premyer Liqadakı “Qəbələ”  və I Divizionda mübarizə aparan “Zaqatala” ev oyunlarını doğma rayonda keçirdir. Bir vaxtlar yüksək liqada “Kümrük”ün ev oyunlarını keçirdiyi Qax stadionu isə bərbad gündədir. Eyni sözləri 5 minə yaxın tamaşaçı tutumuna malik Şəki stadionu haqda da demək olar.

 

LƏNKƏRAN STADİONU

 

Lənkəran iqtisadi rayonunda 1500 nəfərdən çox tutuma malik 5 stadion olsa da, bu gün faktiki olaraq, onların hamısı fəaliyyətsiz qalıb. Yalnız “Xan Lənkəran”ın yaranmasından sonra Lənkəran mərkəzi stadionu azarkeş üzü görməyə başlayıb. Amma sözügedən komandanın “Region Liqası”ndakı ev oyunlarını şəhərin baş arenasında keçirib-keçirməyəcəyinə AFFA qərar verəcək. 10 min tamaşaçı tutumu olan Masallı stadionu demək olar ki, tamamilə dağıdılıb və, hazırda istifadəyə yararsızdır. Yardımlı və Cəlilabad stadionları da fəaliyyətsiz şəkildə qalıblar.

 

QUSAR STADİONU

 

Quba-Xaçmaz iqtisadi rayonunda da vəziyyət acınacaqlıdır. AFFA-nın apardığı yarıtmaz siyasət nəticəsində bu gün bu bölgə və oradakı stadionlar da futbolsuz qalıb. Quba Olimpiya İdman Kompelskinin stadionu dövlət vəsaiti hesabına təmir olunub. Düzdür, Qusar stadionu sökülsə də, Xaçmaz, Şabran və Siyasən stadionları hələ də mövcudluqlarını qoruyurlar. Lakin təəssüf ki, futbol və komanda olmadığı üçün sözügedən stadionlar da boş qalıb.

İMİŞLİ STADİONU

 

Aran iqtisadi rayonunda isə 1500 nəfərdən çox tutuma malik 21 stadion mövcuddur. Amma çox böyük təəssüflə qeyd etməliyik ki, bu stadionların hamısı hazırda boş qalıb. İçərisində Bərdə, Salyan, Mingəçevir, İmişli, Şirvan kimi rayonları xüsusi qeyd etmək olar, çünki onların tutumu 5-10 min nəfər arasındadır. Heydər Əliyevin adını daşıyan İmişli stadionu hətta beynəlxalq oyuna da ev sahibliyi edib. Lakin çox təəssüf ki, 8500 nəfərlik tutuma malik o cür gözəl stadion futbolsuzluq və baxımsızlıq ucbatından günü-gündən daha da yararsız hala düşür. Halbuki “Səbail”, “Keşlə” kimi klublara ayırılan vəsaiti İmişli futboluna ayırıb bu bölgəni Premyer Liqaya qaytarmaq olar. O zaman stadion da boş və fəaliyyətsiz qalıb bərbad günə düşməz. Ölkənin dördüncü böyük şəhəri olan Mingəçevirin 12 minlik arenasının illərdi boş qalması isə heç cür qəbuledilməzdi. Şəhəri “Region Liqası”nda təmsil edən komanda ev oyunlarını burada keçirir. Amma bu komanda heç cürə “Kür nur”un yerini verə bilməz. Əgər Mingəçevirin elitada təmsilçisi olsa, o zaman Mingəçevir stadionu da ikinci baharını yaşayar. Amma futbol və komanda olmayınca, məlum məsələdir ki, arena da baxımsız duruma düşür və ildən-ilə öz görkəmini itirir.

İSMAYILLI STADİONU

 

Şirvan iqtisadi rayonunda mövcud olan stadionlar da futbolsuzluq ucbatından istifadısiz qalıb. Güman olunur ki, “Ağsu City” və “Babadağ” sayəsində Ağsu və İsmayıllı stadionları azarkeş nəfərsi hiss edəcək. Amma “Region Liqası”nın həvəskar statuslu turnir olduğunu nəzərə alsaq, stadionların görünüşündə hansısa dəyişiklik olacağı inandırıcı deyil.

 

İşğaldan azad olunmuş bölgələrdəki idman infrastrukturi tamamilə dağıdıldığından o stadionlar haqda yazmağa ehtiyac görmədik. Əminik ki, dövlətin dəstəyi ilə həmin stadionlar yenidən daha müasir formada tikilib istifadəyə veriıəcək. Orada futbol komandaları, futbol olacaqmı, bunu deyə bilmərik. Çünki AFFA-nın yarıtmaz fəaliyyəti bizə əminliklə hansısa fikir söyləməyə imkan vermir. Məsələn, keçən ilin noyabrında AFFA rəsmən bəyan etmişdi ki, işğaldan azad olunan bütün rayonlarda futbol komandaları yaradılacaq və “Region Liqası”nda çıxışları təmin olunacaq. Amma AFFA verdiyi bu sözü tutmadı. Düzdür, yeni mövsümdə “Region Liqası”nda Cəbrayıl və Füzuli komandalarının olacağı gözlənilir. Amma onlar da AFFA-nın yox, şəxsi insanların təşəbbüsü ilə yaradılıb.

Gördüyünüz kimi, ölkədə kifayət qədər stadion var ki, hansı ki, futbolsuzluq, komanda yoxluğu səbəbindən istifadısiz qalıb, günü-gündən dağılaraq məhvə doğru gedir. Bunun məsuliyyətini kim daşıyır, bu sualın cavabını da siz bizdən daha yaxşı bilirsiniz. Əgər ölkədə futbolun, futbolun stadionlarının durumu acınacaqlı vəziyyətdədirsə, futbola cavabdeh olan qurum birbaşa məsuliyyət daşıyır.

 

Anar XANLAROV