
4-cü tura baxış
- 11:14
- 56
Premyer Liqada 4-cü tur geridə qaldı. Öyrəndik ki...
- 2025-ci ildə də adi protokolu səhv dolduracaq qədər bacarıqsız olmaq olarmış. Mən bu hadisənin konkret şəxsin üzərindən müzakirə edilməsinin tərəfdarı deyiləm. Bəli, o adam kimdisə səhv edib, amma bu, klubun ümumi məsuliyyətidi. Çünki nə 1-ci səhvləridi, nə 2-ci. Sonuncu da deyil. Qeyri-peşəkar ortamda hansısa doğru və uğurlu işdən danışmaq mümkün deyil. Bura Premyer Liqadı, cənablar! Burada ən xırda detala belə barmaqarası yanaşanda nəticəsi ağır olur.
- 20 illik fasilədən sonra Premyer Liqa matçına ev sahibliyi edən Qubadakı stadionun örtüyü ot deyildi. Elə ot olmur. Palçıq, gil, qumla hansısa qeyri-müəyyən maddənin qarışığı idi, amma normal futbol meydançası deyildi. Ondansa asfalt çəkin, onun üstündə oynanılsın matçlar. Daha məntiqli olar.
- "Zirə" yenə möhkəmliyini nümayiş etdirir. Görünən odu ki, ötən mövsümkü komandanı yenidən izləmək şansımız var. "Qarabağ"ın çempionluq uğrunda əsas rəqibi hazırda nə "Neftçi"di, nə də "Sabah". Büdcə böyük olmaqla deyil. Əsas o büdcədən doğru istifadə edə bilməkdi. Rəşad Sadıqovun yaydakı transferləri mənə qəribə gəlsə də, hazırkı start, turnir cədvəlindəki hazırkı vəziyyət fərqli düşünməyə vadar edir. Mütəxəssis yenə həm yaxşı futbol oynatmaq, həm də nəticə qazanmaq vəzifəsinin öhdəsindən gələ bilir.
- Daha bir iddialı "Turan"dı, o da sakitcə öz işindədi. Xüsusi baxımlı oyuna şahidlik etməməyimizin əvəzi nəticə ilə verildiyindən irad tutmaq çətin olur. Artıq azarkeşlər də anlayıblar ki, Berdıyevin futbolu budu. Deməklə, hay-küy salmaqla heç nə dəyişməyəcək. Necə deyərlər, taleləriylə barışıblar. Heç olmasa, qələbələr olsun, o da var. "Turan" liderlər qrupundadı və mövsümün sonunda da bu mövqelərini qoruya bilsələr, məsələyə baxış bucağı dəyişəcək.
- "Neftçi" 4 tura cəmi 3 xal toplayıb və cəmi 1 qol vura bilib. Onu da penaldan. Forvard kimi Sambu və Ağadadaşın ümidinə qalanda nəticəsi məhz belə də olmalı idi. Ötən mövsümdən qalan problemin həlli ilk növbədə hücuma transfer idi ki, "sağ olsunlar", o nöqtədən başqa hər yerə oyunçu gətirdilər. Nəticəsi də göz önündədi. Bu tur insafən yaxşı oynadılar, şansları da az olmadı. Amma futbolda qələbəni şansa yox, ondan doğru istifadəyə verirlər. Bir az belə zarafatqarışıq desək, "gözəllik 10-du, 9-u qoldu". Qarşıdakı matçlarda itiriləcək xal və ya xallar nəinki çempionluğu, ümumiyyətlə avrokubokları da təhlükə altına alacaq. Onda da heç nə gözəl olmayacaq və aləm...
- "Kəpəz", ay "Kəpəz"! Ayıl e, çatmışıq.
Yazar haqqında
