31-ci tura baxış
- 12:57
- 41
Premyer Liqada 31-ci tur geridə qaldı. Öyrəndik ki...
- yayda Avropada ölkəmizi təmsil edəcək komandaların 3-nün adına aydınlıq gəldi. Qalıb 1-i. Kubokun finalı bu suala həmin matçda, yoxsa son 2 turda cavab tapacağımızı göstərəcək.
- "Qarabağ" da, "Sabah" da çempionatın başını buraxıb. Ağdamlılarda itirilən titul, mövsümün fiziki-psixoloji yorğunluna görə belədirsə, Masazır təmsilçisində qızıl medalların eyforiyası təsir göstərir. Bu tur qarşıdakı kubok finalı da öz rolunu oynadı. "Kəpəz"in qələbəsinə bu kontekstdən baxmaq lazımdır. "Sabah" birinci hissədə güc qoydu, epizodlar yaratdı, ancaq yararlana bilmədi. Sonrasında isə əlavə güc qoymağa ehtiyac olmadığını görüb sakitləşdilər, gəncəlilər də bundan istifadə etdilər. Azər Bağırov yaxşı məşqçidir, bunu yenə sübut etdi. Onun "Kəpəz" dövrü başa çatmaq üzrədir. Klub isə yenilənmiş stadionunda yeni mərhələyə qədəm qoymaq üçün fəaliyyətə indidən başlamalıdır.
- "Karvan" rəsmən düşdü elitadan. Necə gəlmişdilərsə, elə də gedirlər. Açıq-aşkar yanlış heyət quruculuğu, böyük qeyri-peşəkarlıq, səhvlərdən nəticə çıxarılmaması və bir çox digər məqamlar komandanı aşağı apardı. İdman prinsiplərinin qorunması məhz bu məqamda öz əhəmiyyətini göstərir. Belə klublar yuxarı liqada olmamalı, yarışın keyfiyyətini aşağı salmamalıdır. Əks halda, nə yaxşı çempionat olacaq, nə inkişaf, nə də başqa nəsə yaxşı bir şey. Bu, hazırkı "Karvan" Premyer Liqada oynamağa layiq deyildi. Qarşıda toparlanmaları üçün 1 il vaxtları olacaq. Ümid edək ki, səhvlərini düzəldib geriyə daha sağlam vəziyyətdə gələcəklər.
- "Neftçi"ni izləmək böyük zövqə çevrilib. Komanda həm gözəl futbol oynayır, həm də nəticə qazanır. Hər cür qol vururlar, futbolçular sanki yorulmur, prosesin dadını çıxarırlar. Görmək istədiyimiz də bu idi. Kubokun finalında "Sabah" qalib gəlsə, avrokuboka da çox böyük ehtimalla "Neftçi" gedəcək. Getməsə də bu komanda yayda güclənməli, gücünə-güc qataraq artıq çempionluq yarışına qoşulmalıdır. Məhz o zaman hər şey, hər kəs yerinə düşəcək, əsl döyüşün nə olduğunu biləcək, əsl mübarizəyə şahidlik edəcəyik. Toparlan, "Neftçi". Sənə ehtiyacımız var.
- "Sumqayıt"a isə üzülməmək olmur. Mövsümə ideal başlayan komandanın yarışı bu cür bitirməsi gözlənilməz oldu. Fevral-mart aylarında lazımsız xal itkiləri olmasaydı, indi Avropa sədaları da gələ bilərdi. Mümkünsüz də deyildi. Çox heyf...
- Havalar düzəldi, nəhayət. Soyuq, külək, yağışdan yorulduq. Bir az da istilərdən şikayət etməyin vaxtıdır.
- Dünya çempionatının başlamasına isə 31 gün qalır.