Premyer Liqada 2-ci tur geridə qaldı. Bəzi qeydlərimi bölüşüm.


- Yarış hələ təzə başladığından turnir cədvəlində gözlənilməzliklər var. Start üçün normaldı. Son nəticə barədə konkret fikirləri sentyabrın sonu, oktyabrın əvvəllərində demək mümkün olacaq. 


- "Qəbələ"nin yaxşı oyunla çoxsaylı qol epizodları əldə etməsi və eyni gözəlliklə də onları boşa verməsi, "Araz" və "Zirə"nin liqada hər kəsə çətin rəqib olacaqlarının işartılarını verməsini qeyd edə bilərik. "Karvan"ın isə təqvimdən yaxşı yararlanıb xal ehtiyatını artırmasını fərqləndirməliyik. "Kəpəz" də, "Qəbələ" də hələ tam formaya düşə, oyunlarını tapa bilməyib. Bu məqamı şans bilib uğurlu çıxış etmək lazım idi ki, yevlaxlılar bunu edə bildilər. 


- "Turan" haqda uzun-uzadı danışmağa ehtiyac yoxdu. Eyni sözlərdi. Yeganə sözüm Vaci haqdadı. Bu adam "Qarabağ"da da belə idi. Çox qaçır, çox təhlükə yaradır, çox epizoda girir, çox da qaçırırdı. Əsəbdi başdan-ayağa. Tovuzlu azarkeşlər buna hazır olmalıdılar. 


- "Qarabağ" artıq 3 mövsümdü çempionata 0:1 hesablı məğlubiyyətlə start verir. Hər 3-də də sonda qızıl medallara sahib çıxır. Ssenari eynidi. Mən bu il bu yarışın maydan tez başa çatmayacağını düşünürəm. "Köhlən atlar" payızda çox məşğul olacaq, çox yorulacaqlar, toparlanmaları daha çox vaxt aparacaq.


- "Sumqayıt" İliçlə maksimum xal toplayıb. Serb mütəxəssis "Qarabağ"ın yorğunluğundan yaxşı istifadə elədi. Nə qorxdu, nə də çox geri oturdu, müdafiədən çıxanda da tələsmədən, pasla çıxmağı seçdi, bir oyun tərzi qurduğunu göstərdi. Sonrakı turlarda nə baş verəcəyindən asılı olmayaraq yaxşı məşqçi olduğunu indidən deyə bilərik.


- "Neftçi"də adəti üzrə həddindən artıq gərginlik var. Normaldı, olmalıdı. Ortada nə bir oyun var, nə də xüsusi bir nəticə. Samir Abasovun ilk 2 turda elitadan düşməyə namizəd olan 2 komandanı uda bilməməsinə heç bir izahı ola bilməz. Ən obyektiv səbəb belə keçmir, keçməməlidi. Lazım olsa, özü çıxıb vurmalıydı o qolu... Bir də bu Sambu söhbəti. Hələ bu adam gətiriləndə yadıma sala bilmədim harasa yazmışdım, ya efirdə demişdim ki, bu adamın hücumçu yox, ümumiyyətlə futbolçu olmasına şübhəm var. Hə, ilk vaxtlarda bir az oynadı, nəsə nümayiş etdirdi. Amma karyerası boyu ildə ortalama 2 qol vuran birinə "Neftçi" kimi komandanın hücumunun açarlarını təqdim etmək üçün ancaq əlacsız qalmalısan. Belə vəziyyətdisə, bir dənə elit səviyyəli forvard transferi edilməlidi. Yoxsa axırı daha pis olacaq bu vəziyyətin. 


- Bu tur komandaların start heyətində yer verdiyi 132 nəfərdən 43-ü yerli futbolçu olub. Bu, təxminən 33 faizlik nəticə deməkdi. Yəni meydana çıxan hər 3 futbolçudan biri azərbaycanlıdı (yaxud pasportumuz olan). Turda ən az yerli ilə başlayan komanda "Neftçi" (2 nəfər), ən çoxu isə "Qarabağ" (6 nəfər) olub.


Kənan Məstəliyev