11-ci tura baxış
- 11:01
- 35
Premyer Liqada 11-ci - "Zəfər turu" geridə qaldı. Öyrəndik ki...
- ortada istək, xoş niyyət, Vətən sevgisi, dəyərlərə hörmət olanda hər şey gözəl ola bilir. Bu tur Peşəkar Futbol Liqasının təşəbbüsü ilə Azərbaycan əsgərinin böyük qələbəsinin 5-ci ildönümünə həsr olundu və çox simvolik addımlarla yadda qaldı. Matçların start fitləri saatların 44-cü dəqiqələrində verildi, başlama vuruşlarını qazilərimiz, şəhid övladlarımız, müharibədən əziyyət çəkənlərimiz etdilər. Milli ruhun bizi zirvədən salamladığı, döyüş meydanındakı zəfərlərin oyun meydanına keçdiyi məqamlar izlədik. Səbəbkarlara, təşkilatçılara təşəkkür. Qoy, həmişə sülh olsun! Qoy, həmişə Vətən ucalsın! Qoy, bütün döyüşlərimiz, mübarizələrimiz ancaq futbol meydanlarında keçsin. Amin!
- 100-cü Azərbaycan derbisi də bu tura təsadüf etdi. Nəticə gözlənilən oldu, "Qarabağ" çox da böyük əziyyət çəkmədən ən böyük rəqibi yenə məğlub etdi və bu rəqiblə qarşılaşmalarda məğlubiyyətsizlik müddətini 5 ilə çatdırdı. Böyük, hətta deyərdim, nəhəng seriyadı. Bunun səbəbləri haqda çox danışılıb, hər şey deyilib. Konkret bu matçda "Qarabağ"ın səviyyə olaraq bir üst mərtəbədə olduğuna növbəti dəfə şahidlik etdik. "Neftçi" hələ ki Ağdam təmsilçisinə güc gəlmək iqtidarında deyil. Bunda məşqçinin də günahı az deyil.
- Tribunalar isə ayrıca möhtəşəm idilər. Azərbaycan derbisini bu ada çatdıran, layiq edən məhz azarkeşlər idi. Sona qədər dəstək vermələri, hücuma getməyə səsləmələri matçı başqa bir ab-havaya çatdırdı. Hər matç belə keçsə, çempionatımız çox-çox yuxarı yerlərdə olardı.
- Hamının başı qarışdığı bir məqamda "Sabah" öz növbət(ç)i qələbəsini qazandı və liderlər qrupunda yerini möhkəmlətdi. Dambrauskas və yetirmələri sakitcə lazımi xalları toplayır. Bu xalların əhəmiyyəti qarşıdakı yaz aylarında özünü göstərəcək. Finiş düzlüyünə çıxanda yersiz itkiləri olmayanlar final həmləsinə bir addım öndə başlayacaqlar. "Sabah"ın həmin sabahı heç də işıqsız görünmür.
- Digər iddialılar - "Zirə" və "Turan" bu tur gərgin, amma maraqsız bir oyunla yadda qaldılar. Əliyar Ağayevin Konateyə verməli olub vermədiyi, daha doğrusu, ləğv etdiyi, Olabeyə isə haqqına verdiyi qırmızı vərəqə də matçın rəngini dəyişmədi. Tərəflər sakitcə, qolsuz bərabərliyi oynayıb, evlərinə dağılışdılar. Meydandakılar nəticədən razı, tribunadakılar isə narazı qaldılar.
- "Sumqayıt" da üst pillələrdədi. Deyərdim ki, bu mövsüm "Qəbələ"yə futbol oynamağa ən az imkan verən məhz "kimyaçılar" oldu. Saşa İliç bu vasitə ilə vacib 3 xalı qazandı və komandasını milli fasiləyə rahat yolladı.
- "Karvan"ın hələ özünə gələcəyi fikrini ötən həftə yazdım, indi də fikrimdə qalıram. "Araz"a Arazın (Abdullayev) qoluyla başağrı ola bildilər, matçboyu da xüsusi geridə qalmadılar. Sadəcə nominal meydan sahibləri daha təcrübəli olmaqları hesabına qalib gəldilər.
- Oyunun başlamasına yarım saat qalmış, mövsümün başlanğıcında oyunçu (Feyjao) göndərən "Kəpəz"də xüsusi irəliləyiş yoxdu. Hələ ki, "bir az yazı-pozu işi artıb". Ümidlər qışadır. Qışda Şaxta Baba normal, heç olmasa, ayağı top tutan futbolçular gətirməsə, komanda gələn il yeni stadionuna I Liqada çıxacaqlar.
- Bu tur komandaların start heyətində meydana cəmi 37 yerli futbolçu çıxdı. Onların cəmi 2-si "Turan"ın payına düşür. Tovuzlular Ozobiçə, masazırlılar isə Seydiyevə ilk 11-likdə şans verdilər. Daha bir məqam odur ki, bu 37 nəfərdən yalnız 1-i hücumçudu - Nəriman Axundzadə.
- Millinin oyunları üçün iki həftəlik fasilə başlayır. Liqamız üçün darıxacağıq.