Voleybol üzrə Azərbaycan çempionatında qadınların mübarizəsində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan bu qarşılaşmalarla
 Yüksək Liqanın III dövrəsinə yekun vurulub.

Günün ilk görüşündə “Murov”la “Abşeron” üz-üzə gəlib. Bu matçda qalib 4 setdə müəyyənləşib. Oyun “Abşeron”un 25:22 hesablı üstünlüyü ilə başlasa da, sonda “Murov” qələbəyə sevinib. İkinci setdə 25:14 hesabı ilə qalib gələn Vüqar Əliyevin yetirmələri üçüncü və dördüncü setlərdə də 25:22, 31:29 hesabı ilə qalib gəliblər. Beləliklə, aktivinə 3 xal yazdıran “Murov” turnir cədvəlində ikinci pilləyə yüksəlib. 

 IX turun son qarşılaşması “Azərreyl” və UNEC komandaları arasında olub. Bu görüşdə isə qalib 3 setdə müəyyənləşib. Turnir cədvəlinə liderlik edən Eldar Yusubovun  komandası bu matçdan da asan qələbə ilə ayrılıb. “Azərreyl” ilk hissəni 25:13, sonrakı setləri isə 25:17 və 25:14  hesabı ilə qazanıb.

III dövrədən sonra “Azərreyl” 23 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Murov”un 16, “Abşeron”un 15 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.

Yüksək Liqa
IX tur

   "Murov" - "Abşeron" 3:1 (22:25, 25:14, 25:22, 31:29)
   "Azərreyl" - "UNEC" 3:0 (25:13, 25:17, 25:14)