Bakıda "Zəfər Kuboku" keçirilib
- 15:40
- 35
Bakıda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər Kuboku" keçirilib.
Bu barədə Futbolinfo.az-a Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən bildirilib.
Turnirin təntənəli açılış mərasimində Dövlət Himni səsləndirilib. Ardınca müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Mərasimdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin əhəmiyyəti xüsusi vurğulanıb. Bildirilib ki, bu Zəfər dövlət başçısının qətiyyətli rəhbərliyinin, Ordumuzun qəhrəmanlığının, xalqımızın sarsılmaz birlik və həmrəyliyinin təcəssümüdür.
Azərbaycan Karate Federasiyası adından xalqımıza tarixi qələbə sevincini yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan xalqına, qəhrəman əsgər və zabitlərimizə dərin minnətdarlıq ifadə olunub. Vətən uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət dilənib, qazilərimizin göstərdikləri şücaət və fədakarlıq ehtiramla qeyd edilib.
Açılış mərasimində Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin üzvləri, idman ictimaiyyətinin tanınmış nümayəndələri, məşqçilər, idmançılar və digər qonaqlar iştirak ediblər.
Turnirdə müxtəlif yaş və çəki dərəcələri üzrə 300-ə yaxın yeniyetmə və gənc karateçi mübarizə aparıb.
Yarışın əsas məqsədi Zəfər Gününün tarixi əhəmiyyətinin gənc nəslə çatdırılması, onların vətənpərvərlik ruhunda tərbiyə olunması, həmçinin ölkəmizdə karatenin inkişafının və kütləviliyinin təşviq edilməsi olub.
Tədbir çərçivəsində idmanın inkişafında və gənclərin sağlam, vətənpərvər ruhda yetişdirilməsində xidmətləri ilə fərqlənən bir sıra şəxslər təltif olunublar.
Gərgin idman mübarizəsi şəraitində keçən turnirin yekununda qalib və mükafatçılara Zəfər Günü münasibətilə xüsusi hazırlanmış medallar, kuboklar və xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, yarış Bakı Şəhər Gənclər və İdman İdarəsinin və Azərbaycan Karate Federasiyasının rəhbərliyi, "Kyokuşin (kay) SENŞİ karate" üslubunun KWF nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib.