“İmişli” bu gün Misli Premyer Liqasının 10-cu turunda “Kəpəz”in qonağı olub.


Rekord.az xəbər verir ki, oyundan sonra bölgə təmsilçisinin məşqçisi Ervins Perkonsun mətbuat konfransı keçirilib. Latviyalı mütəxəssis 0:1 hesabı ilə məğlub olduqları matçı belə şərh edib:


“Azarkeşlərə təşəkkür etmək istəyirəm. Belə bir atmosferdə oynamaq xoş oldu. Nəticə istədiyimiz kimi olmadı, rəqib çox yaxşı qol vurdu. Onların da haqqını vermək lazımdır. Biz bura gələndə üç xal qazanmaq istəyirdik.


Rəqib şanslarından istifadə etdi, bizdə isə bu alınmadı. Oyun çox gərgin bir mübarizə şəraitində keçdi. Mən deməzdim onlar bizdən yaxşı komandadır. Bizim də şanslarımız oldu, amma yararlana bilmədik. Futbol səhvlər oyunudur. Biz səhv etdik, hakim cərimə zərbəsi təyin etdi. Onlar da bundan yararlanıb gözəl qol vurdu.


Ölkə kubokundakı oyuna görə bəzi futbolçularımız yaxşı dincələ bilməmişdilər. Amma buna baxmayaraq, oyunçularımın enerjisini bəyəndim. Çox cəsarətli çıxış etdilər. Hətta mərkəz müdafiəçimizi hücum xəttinə buraxmışdıq.


Bundan daha da yaxşı stadionlarda olmuşam. Amma məşqçi kimi bu, ilk idi. Bəzi futbolçularımız üçün də ilk belə gözəl atmosfer oldu”.