60 yaşını qeyd edən azarkeş: "Bircə qalıb çempionluq" - MÜSAHİBƏ
- 11:00
- 166
"Sumqayıt" klubunda azarkeşlərlə iş üzrə məsul şəxs, fan klubun rəhbəri, Sumqayıt futbolunda çoxlarının yaxşı tanıdığı, ömrünü futbola həsr edən Sənan Mirzəyev Rekord.az-a müsahibə verib:
- Sənan bəy, bu yaxınlarda 60 yaşınız tamam oldu. Geridə qalan bu 60 il yaddaşınıza necə həkk olunub?
- Demək olar ki, ömrümü futbola bağladım. 1977-ci ildə ilk dəfə qədəmlərimi "Mehdi Hüseynzadə" adına stadiona basmışam və ömrümün 40 ilini futbola həsr etmişəm.
- Futbol oynamısınız?
- Bəli, oynamışam. 1982-ci ildə ilk məşqçim Akif Hüseynov olub. Gənc və perspektivli futbolçu kimi, "Neftçi"də baxışda da olmuşdum. Sonra əsgərlik dövrü gəldi və MOİK-ə dəvət aldım. Lakin elə oldu ki, orda alınmadı və "Ariol İzumrud" komandasına yollanmalı oldum. Orda bir il oynadım, amma həm də ağır zədə aldım. Buna baxmayaraq, əsgərlikdən qayıdandan sonra yenə futbola davam elədim. Amma təəssüf ki, zədələr imkan vermədiyi üçün futbolu bitirdim. Daha sonra artıq funksioner kimi çalışmağa başladım.
- Funksioner kimi sizi daha çox "Gənclərbirliyi"ndə tanıdıq. O komandaya gəlişiniz necə olmuşdu?
- İlqar Nuriyev adlı sahibkar var idi, bir komanda yaratmaq istəyirdi və o komandanı yaratdıq. Bir gecənin içində baş verdi. Komandanın adını da mən qoydum, bütün sənədləri hazırladıq, Ədliyyə Nazirliyindən keçirdik və fəaliyyətə başladıq. İlk olaraq futzal komandası kimi başladıq, 2004-cü ilin martında futzalda mövsüm başa çatan kimi böyük futbola keçdik. Elə həmin ildə də I dəstədə mübarizəyə başladıq. Ilk mövsümdəcə çempion kimi yüksək liqaya vəsiqə qazandıq. Mən o komandada menecer kimi çalışırdım. O gündən bu günə mütəmaddi olaraq futbolun içindəyəm, futbol fəaliyyətim dayanmayıb.
- "Sumqayıt"a gəlişiniz necə oldu?
- 2011-ci ilin dekabr ayında mənə zəng gəldi. Rəhmətlik Əbdül Məmmədov dedi ki, bəs rəhbərlik sizinlə görüşmək istəyir. Dekabrın 26-da görüşdük, danışdıq, razılıq əldə etdik və 2012-ci ilin yanvarından işə başladım. Bu günə qədər də işimə davam edirəm.
- Azarkeşlərlə işi necə qurursunuz, Sumqayıt azarkeşlərinin komandaya dəstəyi sizi qane edir?
- Mən ilk dəfə işə başlayanda klubun rəhbəri Kamran Quliyev idi. O vaxt onun mənə çox dəstəyi oldu. Komanda yığdıq, dəstək vermək istəyən, komandanın yanında olmaq istəyən çox idi. Zamanla inkişaf etdik və bu gün deyərdim ki, ən yaxşı azarkeş qruplarından biriyik. Hər şey yüksək səviyyədədir. Təbii ki, burada rəhbərliyin dəstəyi də böyük rol oynayır. Fan klub hərtərəfli qayğı ilə təmin olunub, demək olar ki, bütün səfər oyunlarına gedirik.
- Maraqlıdır, 60 yaşlı Sənan Mirzəyevin "Sumqayıt"la, Sumqayıt futbolu ilə bağlı ən böyük arzusu nədir?
- Ömrümün elə çağıdır ki, futbolda çox şey görmüşəm, çox şey yaşamışam. Elə buçağımda ən böyük arzum da "Sumqayıt"ımı çempion kimi görüb rahat o dünyaya getməkdi. Medalımız olub, 3 dəfə avrokuboklarda oynamışıq, bir qalıb çempionluq. Onu da qazansaq, elə bilərəm ki, mən də Sumqayıt futbolunda nə isə etmişəm. Düzdür, bunu komanda edir, amma elə bilərəm ki, mənim də zərrə qədər bu çempionluqda payım var.
Anar XANLAROV