"Xəzər" Lənkəranın ilk prezidenti, hazırda Cənub Regional Futbol Federasiyasının prezidenti postunda çalışan Sakin Məmmədzadə Azərbaycan futbolunun mövcud problemi və həlli yolu haqda fikirlərini bölüşüb.

Rekord.az-a açıqlamasında o, fikirlərini belə ifadə edib: "Bu gün çox deyirlər ki, Azərbaycanda nə futbolçu var, nə futbol. Mən isə deyirəm ki, Azərbaycanda futbolçu da var, futbol da. Sadəcə, çatışmayan bir neçə məsələ var. Birincisi, futbolu qurmaq, təşkil etmək, yaratmaq lazımdı. Açıq danışaq, bu gün futbola yetəri qədər vəsait ayrılır. Hər kəs öz üzərinə düşən işi vicdanla yerinə yetirsə, görərik ki, bizdə də futbol var, futbolçu da. Sadəcə, o futbolçunu axtarıb, arayıb üzə çıxardan yoxdu. Bunun üçün müəyyən struktur, təşkilatçılıq olmalıdır. Bunu qorxmadan deyirəm və istənilən diskusiyaya da hazıram. Ölkədə futbolun, futbolçunun olmadığını deməklə biz, futbolçulara da, məşqçilərə də mənəvi, psixoloji cəhətdən ciddi təsir edirik. Bizim ən böyük problemimiz istedadlı futbolçuları görən məşqçilərin yoxluğudur. Baxmaq başqa şeydi, görmək başqa. Biz həm də həmin seleksioner məşqçiləri yetişdirməliyik. Hansı ki, futbolçunun bütün keyfiyyətlərini görə bilsin".