Dünyada yayılmaqda davam edən koronavirus pandemiyası Video-köməkçi Hakim (VAR) sisteminin bir müddətlik ləğvinə səbəb ola bilər.

Rekord.az xəbər verir ki, Premyer Liqa rəhbərliyi otaqdakı hakimlərin məsafə qaydasına əməl etməməsini əsas gətirərək qarşıdakı günlərdə VAR sisteminin ləğvi məsələsini müzakirə edəcək.

Bildirilib ki, Londondakı “Stockley Park” rayonunda yerləşdirilmiş VAR otağı dardır və orada hakimlə birlikdə 4 nəfər çalışır. Bu kimi vəziyyətlərin koronavirusun yayılma riskini artırdığı üçün məsələ gündəmə gətirilib.

İngiltərənin məşhur hakimi Mark Klattenburq da məsələyə münasibət bildirib. O, koronavirusa görə “Stockley Park”da otağın istifadəsinin mümkünsüz olduğunu vurğulayıb: “Hər şey pəncərəsiz otaqda reallaşır. Yaxın məsafələrdə çalışırıq”.

VAR sistemi İngiltərə Premyer Liqasında bu mövsümdən tətbiq olunur. Çempionat martın 13-də koronavirusa görə dayandırılıb.