Son mövsüm I Liqadan Premyer Liqaya gəlməsini ən çox istədiyim komanda "Karvan" idi. Çünki 2004-05-ci illərin ab-havası, o dövrün "Karvan"ı, dolu tribunalar, Zaur Ramazanovun qolları, Bambanın yaxşı mənada göstərdiyi futbol şouları hələ də gözümün önündədir. Təbii ki, klubun infrastrukturu, bazası, stadionu da öz yerində. Amma...


Bu yaxınlarda eşitdim ki, klub rəhbərliyi Yevlax şəhər stadionunun hazırkı təbii örtüyünü dəyişib süni edəcək. Süni örtük də gözümün düşməni olduğu üçün bu məsələyə biganə qala bilmirəm. İllərdi futbolumuzu, gələcəyimizi məhv edən məhz elə bu cür örtüklər deyilmi? İndi "Karvan" niyə bu yola gedir? Əslində niyəsi məlumdu. Bu seçimi edən digər klublarımız kimi, rahat yola qaçmaq. Təbii ota baxmaq çətindi, Yevlaxın iqlimi filan. Şablon və ümumiləşdirilmiş səbəblər. Bu səbəblər heç vaxt mənə çatmayıb. Futbolun inkişafı, gələcək strategiya, gənc futbolçuların yetişdirilməsi filan, amma iş görməyə gələndə hərə yerə bir "kavralit" döşəyib adını da qoyur ki, "təbii ota baxmaq çətindi", Hələ o söz var e irad tutanda adama deyirlər "qardaş, təbii otu saxlamaq bilirsən neçəyə başa gəlir?". Baha başa gəlir, ümumiyyətlə, klub saxlama, futbolun başını burax. "Karvan"la birlikdə Premyer Liqaya gələn "İmişli"nin təmsil etdiyi rayonun iqlimi daha istidir, orda təbii ota baxmaq ikiqat zülümdü. Amma eşitdiyimə görə, "İmişli" rəhbərliyi yeni layihə hazırlayıb və hazırkı stadionun ərazisində 3 təbii örtüklü meydança salacaqlar. Bu başqa məsələ, bu cür addımları alqışlamaq lazımdı.


Qardaş, dövlət illik 3 milyon pul ayırır. Tamam bu ildən azaldıb 2.5 milyon edəcəklər. Amma yenə də bu puldan 100-200 min manat xərcləyib normal təbii örtük saxlamaq olar. "Sumqayıt" bildiyim qədəri ilə hazırkı "Socae Polimer Arena"nın örtüyünü saxlamaq üçün aylıq 8-10 min manat pul xərcləyir. İlə vuranda 100-120 min manat pul edir. Futbolun inkişafını istəyirsənsə, xərcləməlisən də. Hamı əziyyətdən qaçıb yerə bir "kavralit" döşəsə, gələcəyimiz nə olacaq? İşıqlandırma da yoxdur, sən sabah 40 dərəcəd istidə süni örtükdə oynayacaq futbolçuları düşünmürsən? Belə inkişaf edəcək futbol? Qısası, "Karvan" mənim bu klubun gələcəyi ilə bağlı ümid və gözləntilərimin üstündən xətt çəkdi. Ümid edirəm ki, süni örtük qərarından əl çəkəcəklər.

Anar XANLAROV