Bu gün Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Bəhruz Quliyev və baş katib Faiq Orucov Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmiş voleybolçularla görüşüblər. "Rekord.az" xəbər verir ki, AVF- nin idman zalında təşkil olunan görüşdə qız və oğlanlardan ibarət U-18 və U-20 yığma komandalarımızın üzvləri, məşqçilər heyəti, federasiyanın əməkdaşları iştirak ediblər.

Tədbirdə yarışla bağlı ümumi müzakirələr aparılıb, təmsilçilərimizin keçirdikləri qarşılaşmalar, nəticələr dəyərləndirilib.

AVF-nin vitse-prezidenti B.Quliyev bildirib ki, potensiallı gənc voleybolçularımız kifayət qədərdir və onların yaxşı oynaması, təcrübə toplaması üçün daha çox çalışmaq lazımdır. Quliyev vurğulayıb ki, beynəlxalq yarışlarda nailiyyətlər qazanmaq üçün gənclərə ilk olaraq oyun səviyyələsini artırmaq, təcrübə toplamaq vacibdir. Bunun üçün federasiya hər zaman müvafiq şərait yaradacaq. Voleybolçular da öz növbələrində yaxşı nəticələr qazanmaq üçün daim üzərilərində çalışmalıdırlar. Bu istiqamətdə idmançılara və məşqçilərə müəyyən tövsiyələr verilib.

Sonda idmançıların və məşqçilərin fikirləri dinlənilib.