Türkiyədə baş vermiş güclü zəlzələnin qurbanlarının sayı durmadan artır. "Rekord.az" xəbər verir ki, dağıntılar altında qalanlar sırasında müxtəlif yaş qrupları üzrə voleybolçular da olub.

Bu günə kimi bir neçə idmançının həyatını itirdiyi dəhşətli zəlzələdə daha bir neçə voleybolçu həlak olub. Bundan əvvəl bir neçə oyunçusunu itirmiş "Malatya BBSK" klubunun üzvləri Murat Çiloğulları, Tunahan Yıldız, Resul Gün ve Görkem Can Gündünü də xilas etmək mümkün olmayıb.

Həmçinin "Okul Sporları Türkiye finalleri"ndə iştirak etmək üçün Şimali Kipr Türk Respublikasından Adıyamana gələn Gazimağusa Türk Maarif Kolejinin 12-15 yaşlarında olan qız və oğlanlardan ibarət voleybol komandalarından 3 nəfərin cansız bədəni dağıntılar altından çıxarılıb. Ümumilikdə 24 şagird, 3 müəllim və 8 valideyn ibarət bu kollektivin bəzilərindən hələ də xəbər yoxdur.

Bu günədək bir neçə voleybolçu xilas edilsə də dağıntılar altında hələ çox sayda müxtəlif yaşlarda olan oyunçular qalmaqdadır. Onların bəzilərindənsə indiyədək heç bir xəbər almaq mümkün olmayıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş və 10 şəhəri əhatə etmiş dəhşətli zəlzələ nəticəsində minlərlə bina uçub. Hər gün dağıntılar altından çox sayda ölü və yaralı çıxarılır.  Son məlumatlara görə, təbii fəlakət nəticəsində həlak olanları sayı 18000 nəfəri keçib.