Misli Premyer Liqasının 30-cu turu çərçivəsində "Kəpəz" - "Sumqayıt" matçını idarə edən Əli Əliyevin qərarları ciddi müzakiurələrə yol açdı. 

Rekord.az xəbər verir ki, "Sumqayıt"ın qapısına iki penalti təyin edən sözügedən hakim, oyundan sonra ona etiraz edən Saşa İliçə də qırmızı vərəqə göstərdi.

Bundan başqa, bu oyunun ilk hissəsində "Sumqayıt"ın qolu da şübhəli şəraitdə ofayd kimi qeydə alınaraq, sayılmamışdı.  

Oyundan sonra isə Əli Əliyevlə  bağlı bir sıra maraqlı məqamlar ortaya çıxdı. Əslən gəncəli olduğu deyilən Əliyev, eyni zamanda "Kəpəz"in də sabiq futbolçusu olub. Gəncədə yaşayıb, Gəncədə futbol oynayıb, "Kəpəz"in əvəzedici komandasının futbolçusu olub. Bir ara hətta əsas komandaya da c əlb olunub. Belə bir hakimin "Kəpəz"in oyunlarına davamlı təyinatı nə dərəcədə düzgündür, ona özünüz qərar verin. Hər halda, bir kluba bu qədər bağlı olan birinin həmin klubun oyunlarına təyinatı ciddi araşdırılmalıdır. Çünki Əliyevin qərarları onun obyektivliyini şübhə altına ala bilər. Bəli, bu gün kimsə çıxıb Əli Əliyevi birbaşa "Kəpəz"ə "işləməkdə" ittiham edə bilməz. Amma bundan şübhələnə bilər. Aparılan kiçik araşdırmanın özü belə, bu şübhələrə yol açır. 

Əli Əliyev bu mövsüm ümumilikdə 12 oyuna təyinat alıb. Bulardan ikisi kubok, onu çempionat oyunu olub. Bu 12 oyunun beşi "Kəpəz"in iştirakı ilə olan oyunlar olub. Belə demək mümkünsə, təyinatının yarısı demək olar ki, "Kəpəz"in oyunlarına olub. 

2-ci tur "Kəpəz" - "Karvan" 2:3  

Əli Əliyev bu oyunda iki penalti təyin edib: biri "Kəpəz"in, biri də "Karvan"ın qapısına. 

3 sarı vərəqə göstərib: İkisi "Karvan"a, biri "Kəpəz"ə.


20-ci tur "Kəpəz" - "Neftçi" 1:3

Əli Əliyev bu oyunda bir penalti təyin edib, o da "Neftçi"nin qapısına. Lakin sonradan epizodu şərh edən AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov açıqlama verərək, penalti qərarının səhv olduğunu bildirmişdi. 

"Neftçi"dən bir futbolçuya sarı, "Kəpəz"dən bir futbolçuya isə qırmızı vərəqə göstərib.


25-ci tur "Kəpəz" - "Qarabağ" 1:0

Əli Əliyev bu oyunda "Kəpəz"dən 3, "Qarabağ"dan iki futbolçuya sarı vərəqə göstərib. Onun matçın ikinci hissəsində Şakir Seyidovun Kamilo Durana qarşı aşkar kobudluğa görə "Kəpəz"in qapısına penalti təyin etməməsi geniş müzakirələrə yol açdı.


30-cu tur "Kəpəz" - "Sumqayıt" 2:1

Böyük müzakirələrə yol açan bu oyunda Əli Əliyev "Sumqayıt"ın qapısına iki penaıti təyin etdi. Üstəlik, ilk hissədə hakimlər "Sumqayıt"ın qolunu şübhəli ofsayd qərarı ilə ləğv etdi. Oyundan sonra hakimə etiraz edən "Sumqayıt"ın baş məşqçisi Saşa İliçə qırmızı vərəqə göstərildi.  Hakim bu oyunda "Kəpəz"in iki, "Sumqayıt"ın da iki futbolçusun a sarı vərəqə göstərib.


Fevralın 5-də Bizon Azərbaycan kubokunun 1/4 final mərhələsində "Turan Tovuz"la "Kəpəz" arasında oyunu da məhz Əli Əliyev idarə edib və həmin oyunda da baş hakimin verdiyi qərarların əksəriyyəti "Turan Tovuz"un əlehinə olub. Verilən bütün vərəqələr "Turan Tovuz"a qarşı olub. İki futbolçuya sarı vərəqə göstərilib, Kurban Berdiyev və köməkçisi Yunis Hüseynova isə qırmızı vərəqə göstərilib. 


Gördüyunüz kimi, Əli Əliyevin "Kəpəz"in iştirakı ilə idarə etdiyi oyunların əksəriyyətində qalmaqal qeydə alınıb, "Kəpəz"in rəqiblərinin qapısına daha çox penalti verilib, "Kəpəz"in rəqiblərinə daha çox vərəqə göstərilib, rəqibin iki baş məşqçisi və bir köməkçi məşqçisi isə birbaşa qırmızı vərəqə alıb. Düşünürük ki, Hakimlər Komitəsi ən azı bundan sonrakı təyinatlarda bu amilləri nəzərə alacaq.