Tərlan Əhmədov: “Bu, bizə böyük dərs oldu”
- 2019-11-24 17:28
- 1260
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 12-ci turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, 1:3 hesablı məğlubiyyətlə üzləşdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Zirə” layiqli qələbə qazandı. İlk dəqiqələrdə iki kobud səhvlə hesab 0:2 oldu. 3 uşaq səhvindən qol buraxdıq. Hansısa arxayınlıq var idimi, onu deyə bilmərəm. Görünən odu ki, komanda oyuna tam köklənə bilməyib. Bu, baş verməli idi. Çünki 7 tur idi uduzmurduq. Bu, bizə böyük dərs oldu. Son turlarda məğlub olmurduq. Həddən artıq həyəcanlı idim. Dünənki toplantıda futbolçulara da xəbərdarlıq edirdim. Sınma nöqtəsi ola bilərdi. Uduzsaq da, irəli ümidlə baxmalıyıq. Məğlubiyyət varsa, gələcəkdə qalibiyyət də olacaq. Sadəcə, düzgün nəticə çıxarmalıyıq.
Söz vermişəm ki, hakimlik haqda danışmayacam. Uduzmuşuqsa, penaltimizi verməyibsə, qapımıza penalti veribsə... Bizim futbolçuları hər dəfə əvəzləmə zamanı məcbur edirlər ki, yaxın yerdən çıx. Artıq qərar verilib. Məğlub olmuşuq, yalnız oyunumuz barədə düşünürəm. Hakim səhv edə bilər. Bəzi şeylər qarşılıqlı olmalıdı. Bizə məcbur edilənlər, rəqibə də olmalıdı.
Milliyə gedən futbolçularımız zəif təsir bağışladı. Kamara, Vüsal və Tural çox aşağı səviyyədə oynadı. Bəlkə də, yorğunluq var idi. Turalın problemi məni çox narahat edir. Hər dəfə milliyə gedib-gələndə bu problemi yaşayırıq.
Sezar Meza Kollinin qırmızı vərəqə almasına gəlincə, belə hərəkətlər nə hakim, nə də biz tərəfdən bağışlanılır. Daxili kodeksə uyğun addım atılacaq”.
Əhmədov millinin baş məşqçisi postuna namizəd göstərilməsinə də münasibət bildirib:
“Adımın hallanması xoşdu. Amma “Keşlə” ilə müqaviləm var. Başladığım işi sona qədər davam etdirməliyəm. Düşünürəm ki, milliyə daha təcrübəli məşqçi lazımdı. Biz millini dirçəltməyə çalışmalıyıq. Bunun üçün də çox nüanslar lazımdı. İllərlə görüləsi məsələdi. Şəxsən mən yerli və təcrübəli mütəxəssis istərdim”. (matc.az)