photo

Tahir Süleymanov: “Qəbələ” xilas edilməlidi”

  • 2019-12-05 17:00
  • 267

Daha bir iddialı klubumuz can üstədir. Davamlı oxucularımız bilirlər, hələ 5-6 il öncə indiki vəziyyətin yaşanacağını əsaslandıraraq, təhlil edərək bildirirdik. Onu da qeyd edirdik ki, "Qəbələ" şuralaşmaya boyun əyməyən iki iddialı klubdan biridir...

Avroliqadakı qrup uğurlarının əsas səbəblərindən biri klubun müstəqilliyini qoruyub saxlaması idi. Avropadakı nəticələr ömürlərini uzadırdı. Belə durumda "Qəbələ"nin çökməsi ictimai rezonans doğurardı...

Qəbələ tarixi futbol ənənələrinə malik deyil. Dövlət Proqramının qəbulu ilə şəhərə böyük futbolu gətirən təsisçi-sponsorlar oldu. Heç bir şəraiti olmayan bölgədə planlı olaraq möhtəşəm futbol infrastrukturu yaradıldı...

Əsas komanda ilə yanaşı, "Qəbələ"nin uşaq-gənclər futbolunun inkişafına xüsusi diqqət ayırması, müasir tələblərə cavab verən akademiyanın yaradılması, kompleks olaraq infrastrukturun qurulması klubla yanaşı ölkə futbolunun gələcəyinə də bir töhfədir...

Çox vaxt “klublar pul qazanmalıdır, özünü dolandırmalıdır, sponsorlardan asılı olmamalıdır və s.” bu tipli fikirlər səslənir. Dünya futbolunda isə klubların ayaqda durması, təmin olunmasının mütləq faktorları var...

Bu, çox vaxt tək klubların özündən asılı olan məsələ deyil. Müxtəlif ölkələrdə iqtisadi-siyasi durum, milli federasiyalarda futbola yanaşma tərzi, milli mentalitet kimi amillər öz təsirini göstərir. Bunlar təhlil edilməlidir...

Hətta öndə olan futbol ölkələrində fərqli addımlar atılır. İngiltərədə, Fransada, qismən İtaliyada abramoviçlərə, ərəb şeyxlərinə, digər əcnəbi milyarderlərə klublara yiyələnmək üçün şərait yaradılır, ölkə, futbol qanunları ilə tənzimlənir. Əks halda Avropada rəqabətə dözməkləri çətin olar...

Almaniyada, İspaniyada bir fərqli futbol sistemidir, Rusiya, Türkiyə kimi ölkələrdə bir başqa. İstənilən halda, futbol industriyasında 4-5 mütləq faktor olmadan, bunları həyata keçirmək demək olar ki, mümkünsüzdür...

Sponsor, televiziya, bilet satışlarından, marketinq fəaliyyətindən, futbolçu transferlərindən gələn milyardlar sayəsində futbol inkişaf edir, sərmayələrin cəlb olunmasına şərait yaradılır...

Azərbaycan mühitini, futbolunu böyük ölkələrlə müqayisə etmək doğru olmaz. Heç Portuqaliya, Hollandiyanın top-klubları artıq nəhənglərlə ayaqlaşa bilmirlər. Buna görə də fərqli futbol yolu seçilib. Bütün dünya böyük 5-lik ölkələrinin donoruna çevrilib...

Xorvatiya, Çexiya, Macarıstan, Slovakiya və s. buna uyğun futbol ölkələrinin nümunələri var. Azərbaycan futboluna son 10-15 ildə yatırılan vəsait bu ölkələrdən qat-qat çox olub. Və cəlb edilən sponsorlar Dövlət Proqramı çərçivəsində həyata keçirilib...

Yuxarıda qeyd olunan futbol industriyasının mütləq 4-5 faktorunun demək olar ki, heç biri Azərbaycanda yoxdur və buna ümid etmək utopiyadan başqa bir şey deyil. Əksinə, futbol cavabdehləri üçün daha rahat, mövcud şəraitə uyğun əlverişli durum yaradılmışdı. Heç bir əziyyət çəkmədən milyonlar futbola axır, xalqın, dövlətin vəsaiti ilə yanaşı, tövsiyyələrə uyğun imkanlı sponsorlar da cəlb edilirdi. Qalırdı futbol təsərrüfatını nizama, qaydaya salıb inkişafı təmin etmək...

İnkişaf əvəzinə "dağıt-hökm sür" təfəkkürü futbol beyinlərinin iliyinə kimi işlədi. Monopoliya, şəxsi məqsədlər, inkişafı, stabilliyi təmin edə biləcək futbol qanunlarının tətbiq edilməməsi, klublar tərəfindən az-çox qurulan infrastrukturu da məhv etdi...

Futbolda dağıdıcı mühitin formalaşmasına görə ikinci Dövlət Proqramı da 4 ildir gecikir, qəbul edilmir. "Bakı"nın yaratdığı akademiyanın aqibəti bəllidi, "Qəbələ" akademiyası da "can verir". Lənkəran, İmişli, Yevlax, Zaqatala stadion-bazaları yaddan çıxıb artıq...

Əgər bir-iki klub dağılsaydı, bu, birbaşa onların günahı olardı. Mövcud maliyyə imkanları ilə kütləvi halda klubların məhvi əsasən futbol sisteminin yararsızlığının nəticəsidir. İkili müqavilələr, mənasız futbol layihələrinin iflası klublarla yanaşı ölkə futbolunu da çökdürdü...

Klublar futbol sisteminin tərkib hissəsidirlər. Qəbul edilən futbol qərarlarına tabe olmaq məcburiyyətindədilər. Şuralaşma, klubların işinə müdaxilə, təzyiq fonunda belə fərdi olaraq müsbət işlər görülürdü. Nəticələrlə yanaşı, işlək mexanizm, akademiyalar da qurulurdu...

"Klublar futbolçu yetişdirməlidir". "Günah klublardadır". Bir tərəfdə nəsli-kökü bilinməyən milliləşdirilən legionerlər, afrikalı yeniyetmə-gənclərin "yetişdirilməsi", çiçəklənməsi, digər tərəfdə "Qəbələ" və ölkə futboluna bacarıqlı gəncləri bəxş edən akademiyasının yol üstə olması...

Nə kəramətdisə, ölkə futbolunu düşünənlər hamısı sıradan çıxır, daha doğrusu, çıxarılır. Bu, tək futbola qarşı deyil, ölkəyə, dövlətçiliyə, xalqa qarşı da yönələn düşmənçilik addımlarıdır...

Uşaq futbolundan, akademiyalardan çox danışılır. Hər kəs bilməlidir, klublarsız akademiyalar ən yaxşı halda "polufabrikatdır". Futbolçu akademiyanı bitirəndən sonra hara getməlidir?! Bir-ikisi getdi xaricə, digər klublara, bəs qalanlarını hansı aqibət gözləyir?!

Elə bugünkü "Qəbələ" buna nümunədir. Əsas heyətdə çıxış edənlərin əksəriyyəti akademiyanın yetirmələridir. Digər bölgələrdəki kimi, klub olmasaydı, nə edəcəkdilər? İllər itirilib, futbol genefondu məhv edilib. Tarix boyu ölkə futbolunu istedadlarla təmin etmiş Gəncə "Kəpəz"ə yerli, keyfiyyətli futbolçu tapa bilmir...

Tək akademiya yox, klub(lar) yaşamalıdır. Böyük futbol keyfiyyəti təmin etmək şərtilə konveyer kimi çalışmalıdır. İnfrastruktur, uşaq futbolu, klublar, milli, legioner həyatı, Avropada nəticələr... Ancaq bu ardıcıllıqla futbol inkişaf edə bilər...

Bunun üçün futbola baxış dəyişməlidir. Region Liqasında top, forma, meydança dərdi çəkə-çəkə, uşaq liqalarında texniki məğlubiyyətlərlə futbol inkişaf edə bilməz. Kütləvilliyin, həvəskar futbolun öz yeri var, böyük futbolun öz tələbləri...

Bakıya bitişik Sumqayıtı nəzərə almasaq, yeganə bölgə klubu "Qəbələ" akademiyası ilə birgə xilas edilməlidir. Futbolu ələ alanlar tərəfindən ələ alınmamalıdır, xilas edilməlidir. Xilas edilməlidir ki, digər bölgə klublarımız da geri dönsün...

Geri dönsünlər ki, əsl futbol yanaşması, düşüncəsi ilə afrikalılar, mənasız milliləşənlər, "dır-dır" oynayan təqaüdçü essyenlər əvəzinə yeni-yeni bəhlullar yetişsin...

 

TAHİR SÜLEYMANOV

Son xəbərlər